ANKARA, 2 dekabr. TELEQERAF
"Təlim panelimizin müsbət nəticələr verməsini arzulayıram".
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı bildirir ki, bunu "Disaster Journalism: Preventing the News from Turning into a Disaster" layihəsi çərçivəsində "Ekstremal jurnalistika: Xəbərin fəlakətə çevrilməsinin qarşısını almaq" adlı paneldə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Əli Həmzə Pəhləvan deyib.
"6 fevral 2023-cü ildə Türkiyədə baş vermiş və “əsrin fəlakəti” adlandırılan zəlzələ hamımıza məlumdur. Bir çox sektorların jurnalist nümayəndələri çox operativ xəbərlər hazırladılar. Lakin dezinformasiya xarakterli xeyli xəbərlər də yayıldı. Zəlzələ ilə bağlı paylaşımların sayı 150 milyona çatdı.
Bu, öz-özlüyündə təhlükəli deyil, amma dezinformasiya daşıyan xəbərlər ictimaiyyətə mənfi təsir göstərdi. Bunun qarşısını almaq və ictimaiyyəti düzgün məlumatlandırmaq baxımından AFAD çox ciddi şəkildə məlumat axınını izlədi və doğru informasiyanın yayılması üçün mühüm işlər gördü.
Fövqəladə vəziyyətdə xəbərlərin düzgünlüyü həyati əhəmiyyət daşıyır. Bunun üçün AFAD olaraq əlimizdən gələni edəcəyik" , - deyə Əli Həmzə Pəhləvan əlavə edib.