BAKI, 1 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd gənc əsgərlərin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.
Respublika Narkoloji Mərkəzinin psixoloqu Fidan Ataxanlı və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş-leytenantı Tural Bayramovun iştirak etdiyi tədbirdə çıxış edən natiqlər narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə barədə ətraflı məlumat veriblər. Vurğulanıb ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Tədbirin sonunda narkomaniya və narkotiklərin fəsadları barədə videofilm nümayiş olunub.