BAKI, 5 noyabr. TELEQRAF

"Azərbaycanın milli mənzil siyasəti mənzili inklüziv inkişaf və sosial sabitliyin əsas dayağı kimi qəbul edir. Strategiyamızın önəmli istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda köçkünlərin mərhələli məskunlaşdırılması və dayanıqlı, yaşanılabilən şəhərlərin qurulmasıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammitində səsləndirib.

O həmçinin Azərbaycanın BMT-nin Məskunlaşma Assambleyasının “Hər kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsi və bu təşəbbüs çərçivəsində ədalətli və davamlı mənzil siyasətinin təşviqinə fəal töhfə verməyə davam ediləcəyi bildirilib.

Bu istiqamətdə müzakirələrin davamı üçün 2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) mühüm qlobal platforma olacaq. Sonda Anar Quliyev bütün tərəfdaşları və ölkələri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu beynəlxalq tədbirdə Bakıda bir araya gəlməyə dəvət edib.

Bununla yanaşı sammit çərçivəsində Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə daha bir səmərəli görüş keçirib.

Görüş zamanı Azərbaycanın “Hər kəs üçün Münasib Mənzil” üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsinin yaratdığı yeni əməkdaşlıq imkanları müzakirə edilib. Anar Quliyev 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

UN-Habitat ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhər inkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.