BAKI, 14 noyabr. TELEQRAF
“Ailə həkimi informasiya sistemi”nin (AHİS) hazırlanması üzrə fəaliyyətlər planlı şəkildə davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin əvvəlindən etibarən ilkin səhiyyə xidmətinə müraciət və qeydiyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində işlər görülür.
"Habelə əhalinin faktiki yaşayış yeri üzrə məlumatlarının toplanmasına başlanılıb, “E-Tabib” platformasında qeydiyyat pəncərəsi təkmilləşdirilib.
Hazırda AHİS-in prioritet istiqamətləri üzrə alt modulların hazırlanması davam etdirilir. “Antenatal xidmət” modulu istiqamətində işlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu modul “Antenatal xidmət”də uçot-qeydiyyat işinin gücləndirilməsinə, hamiləlik dövründə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, riskli hamiləliklərin nəzarətin gücləndirilməsinə və hamililəlik dövründə ağırlaşmaların qarşısının alınmasına imkan yaradacaq.
Eyni zamanda, “İkin tibbi sanitariya-yardımı müəssisələrinə təhkimolunma” alt modulunun hazırlanması istiqamətində işlər həyata keçirilir. Modul vasitəsilə vətəndaşların ilkin səhiyyə müəssisələrinə elektron formada qeydiyyatı, təhkim olunma prosesinin təşkili və idarə olunması təmin ediləcək", - məlumatda bildirilib.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev AHİS-in iyun ayında hazır olacağını bildirmişdi.