BAKI, 24 oktyabr. TELEQRAF
Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, bu mexanizmlə həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq.
Nazirin sözlərinə görə, Azərbaycanda “2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası” təsdiq edilib:
"Süni intellekt həllərinin həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur".
Nazir qeyd edib ki, nazirliyin bütün istiqamətlərində süni intellekt əsaslı tətbiq qarşıya qoyulmuş məqsədlərdən biridir.
"Süni intellekt təkcə yenilik deyil, o bir sıra imkanlar yaradır. Vətəndaşlara əmək, məşğulluq və sosial sahədə təqdim edilən xidmətlərin elektronlaşdırılması mühüm istiqamətlərdən biridir.
Hazırda nazirlik tərəfindən təqdim olunan 150 xidmətin 90%-dən çoxu elektronlaşdırılıb, onlardan 52-si isə proaktiv qaydada həyata keçirilir", - o əlavə edib.
Anar Əliyev bildirib ki, reabilitasiya, əlillik, sosial-psixoloji sahələrdə də süni intellektdən geniş istifadə imkanları mövcuddur.
"Qarşıda duran məsələlərdən biri sosial ödənişlərin tam elektron qaydada həyata keçirilməsidir. Nazirlik olaraq süni intellektdən istifadəni genişləndirməyi planlaşdırırıq ", - nazir vurğulayıb.