BAKI, 26 sentyabr. TELEQRAF

"Leyli və Məcnun” sırf Ərəbistanla bağlıdır, biz niyə ərəbdilli ölkələrdə film-opera çəkmirik?!

Teleqraf xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən “Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə” adlı Beynəlxalq Forumda deyib.

O, forumda iştirak edən ICESCO-nun Bakıda Regional Ofisinin direktoru Abdulhakeem Alsenana müraciət edib.

“Azərbaycanda əsər halında bu boyda sərvət var. Bundan niyə istifadə etməyək? Bu həm də ərəblərin öz tarixidir. Mən sizi əmin edirəm, bu, bütün müsəlman dünyasına səs sala bilər. Bu edilməlidir, bu vacibdir”, - xalq artisti müraciətində bildirib.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Hikmət Quliyev isə bildirib ki, Üzeyir Hacıbəyli sosial stereotiplərdən qurtulmağı, oradan işıqlı yola getməyi daha gözəl bilirdi.

"Məsələn, "Arşın mal alan" filmində ənənəvi mədəniyyətə, stereotiplərə əsaslanan model təqdim olunanda həmin modelin əksinə çıxış yolu kimi başqa model təklif olunur. Yəni filmdə ənənəvi olaraq qız və oğlanın bir-birini görmədən evlənə biləcəyi modeli təqdim ediləndə, əksinə bir-birini görmək lazım olduğunu vurğulayan model təklif olunur. O, cildini dəyişməklə həmin dövrün stereotiplərinin əksinə gedir", - o əlavə edib.