BAKI, 4 sentyabr. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qubada fəaliyyət göstərən Diyarov Cavanşir Ruzman oğluna məxsus “Sərin” kafesində yoxlama aparıb.
Agentlikdən Teleqraf-a verilən məlumata görə, yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Baxış zamanı kafenin mətbəxində tavan və divar səthlərinin təmirsiz olduğu və kifləndiyi, havalandırma sisteminin işləmədiyi, qida ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, kababxana sahəsinin açıq şəraitdə qurulduğu və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.