BAKI, 3 sentyabr. TELEQRAF
Səhiyyə müəssisələrində aparılan planlı yoxlamalar zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər verilib.
Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli məlumat verib.
O bildirib ki, dövlət müəssisələrində planlı yoxlamalar həyata keçirilir, aşkarlanan nöqsanların aradan qaldırılması üçün verilən təkliflər nəzərə alınmadığı halda isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə növündə inzibati tənbeh tədbirləri tətbiq olunur.
Onun sözlərinə görə, özəl sektorda isə yoxlamalar yalnız vətəndaş müraciətləri və ya mediada dərc olunan məlumatlar əsasında mümkündür:
"Əgər müraciətlərdə vətəndaşların həyat və sağlamlığı üçün birbaşa təhlükə, yoluxucu xəstəliklərin yayılması və ya epidemiya riski barədə faktlar qeyd olunursa, həmin yoxlamalar müvafiq reyestrdə qeydə alınaraq aparılır.
Ən çox şikayətlər mehmanxanalarda təmizlik və yataq dəstlərinin dəyişdirilməsi, gözəllik salonlarında isə sanitar normaların pozulması ilə bağlı olur. Qaydalar otaqların dezinfeksiya edilməsini, yataq dəstlərinin mütəmadi dəyişdirilməsini və salonlarda alətlərin ya birdəfəlik istifadəsini, ya da dezinfeksiyasını tələb edir. Həmçinin, dəriyə invaziv müdaxilələrin aparılması qadağandır və istifadə olunan kosmetik vasitələrin təhlükəsizliyini təsdiq edən sənədlər olmalıdır.
Bu qaydalar infeksiyaların, o cümlədən hepatit kimi xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir".
K.Dəmirli qeyd edib ki, Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin və xüsusi təhlükəli infeksiyaların yayılma riskinin olduğu ərazilərdə ciddi sanitariya tədbirləri həyata keçirir.
"Qanunvericiliyə əsasən, Gigiyena və Epidemiologiya Mərkəzləri epidemiya təhlükəsi olan yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini təşkil edir və bu proseslərə dövlət sanitariya nəzarəti tətbiq edir. Yaşayış binalarının zirzəmiləri kimi digər yerlərdə, əgər epidemiya və ya infeksiya riski yoxdursa, bu işlər müvafiq lisenziyaya malik fiziki və ya hüquqi şəxslər tərəfindən yerinə yetirilə bilər. Vətəndaşlar bu məsələ ilə bağlı Mənzil Kommunal və Texniki Xidmət Sahələrinə və ya Mənzil-Kommunal Təsərrüfatına müraciət edə bilərlər", - o əlavə edib.