AĞDƏRƏ, 15 iyul. TELEQRAF

Vəngli kəndinə köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, Vəngli kənd sakinləri artıq öz ata - baba ocaqlarında daimi və təhlüksəsiz yaşayacaqları üçün, ölkə başına və vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

15:28

AĞDƏRƏ, 15 avqust. TELEQRAF

Ağdərənin Vəngli kəndlərinə yola salınan ilk köç karvanı mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün 22 ailə olmaqla, 83 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

13:32

AĞDƏRƏ, 15 avqust. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Vəngli kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bu köç mərhələsi də nəzərə alınmaqla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə cəmi 407 ailə 1420 nəfər köçürülmüş olur.

***

07:00

BAKI, 15 avqust. TELEQRAF

Bu gün Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərində yaşayacaq 48 ailə (172 nəfər) respublikamızın müxtəlif bölgələrindən doğma yurdlarına yola salınıb.

Teleqraf xəbər verir ki, Kolatağ kəndinə 26 ailə olmaqla 89 nəfər, Vəngli kəndinə isə 22 ailə olmaqla 83 nəfər köçürülür.

Köçürüləcək ailələri məskunlaşdıqları ərazidən yerli icra qurumlarının nümayəndələri yola salıblar.

Bununla da Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə 407 ailə (1420) nəfər köçürülmüş olacaq.