BAKI, 01 avqust. TELEQRAF

Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Arif Babayev 87 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a mərhumun oğlu Yaşar Babayev məlumat verib.

Xalq artisti avqustun 1-də səhər saatlarında müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Arif Babayev iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. O, iyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanasına təxliyə olunmuşdu.

Xatırladaq ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.

O, muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb, eləcə də onun ifasında bütün muğam dəstgahları səslənmiş və lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının "Qızıl fond"una daxil olub.

1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub və 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb.

"Şöhrət", "Şərəf", "İstiqlal" ordenli Xalq artisti 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, 8 may 2025-ci ildə isə Heydər Əliyev Mükafatı ilə təltif olunub.

Allah rəhmət eləsin!