BAKI, 29 iyul. TELEQRAF
"Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Bunu Teleqraf-a açıqlamasında klinikanın baş həkimi, professor Kamran Musayev bildirib.
Onun sözlərinə görə, muğam ustasının daxili orqanlarında da ciddi problemlər yaranıb:
"Öz tənəffüsü mövcüd olsa da, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika qeydə alınmayıb. Eyni zamanda böyrək funksiyaları ilə yanaşı, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzarə alınaraq xəstənin hər tərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir", - K.Musayev deyib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
O, iyulun 23-də Qax rayonunda istirahətdə olan zaman səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burda Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. İyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.