BAKI, 24 iyul. TELEQRAF

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və idarənin əməkdaşları Özbəkistanın Azərbaycandakı səfirliyini ziyarət edib.

Bu barədə Teleqraf-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan səfirliyinin yeni binasında Şeyxülislam A.Paşazadəni Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov qarşılayıb.

​Səfirliyin binası ilə tanış olan Şeyxülislam A.Paşazadə qardaş ölkənin diplomatik missiyasında Qurandan ayələr oxuyub, dualar edib, səfir B.Aşrafxanov başda olmaqla səfirliyin əməkdaşlarına ən xoş arzularını ifadə edərək onlara qarşıdakı fəaliyyətlərində uğurlar diləyib.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi qardaşlıq münasibətlərinin xalqlarımız, dövlətlərimiz arasında dostluq, qardaşlıq, həyatın bütün sahələrində yüksək əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük təkan və mühüm töhfələr verdiyini məmnunluqla vurğuladı. Dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etməsinə toxunan şeyxülislam Prezident İlham Əliyevlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin qardaş ölkənin səfirliyinin Bakıda yeni binasının açılışında iştiraklarını xüsusi önəm kəsb edən hadisə kimi dəyərləndirib. Bildirib ki, qardaş dövlətlərimiz arasında münasibətlərin müttəfiqlik zirvəsinə yüksəldilməsi Uca Allaha xoş gedən əməldir.

QMİ sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu günə təsadüf edən doğum günü münasibətilə təbrik məktubunu qardaş ölkənin səfirinə təqdim edib. Məktubda vurğulanıb ki, zəngin mənəvi irsə istinad edən, onu hər zaman qayğı ilə qoruyub saxlayan, Mərkəzi Asiyanın qəlbi, bütün İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistanla tarixən mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır: “Səmimi qəlbdən arzu edirəm ki, dost, qardaş, müttəfiq xalqlarımız və dövlətlərimiz arasında həyatın bütün sahələrində mövcud yüksək səviyyəli, qarşılıqlı fayda kəsb edən əlaqələr ümumi mənafelərimiz naminə daha da inkişaf etsin, inşallah!”

​ Şeyxülislam A.Paşazadə Səfirliyin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.