BAKI, 16 iyul. TELEQRAF
Vəkillər Kollegiyasının sabiq üzvü Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi. Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmırdı.
Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.
Xatırladaq ki, Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Şikayət əsasında A. Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə azadlıqdan məhrum edilib.
Onun qardaşı X. Məmmədov da eyni əməllərlə təqsirli bilinib və ona 6 ay müddətə islah işləri cəzası verilib.
A. Məmmədovun təsisçi və qardaşının baş redaktor olduğu saytda Ceyhun Yusifovun haqqında yalan məlumatlar yerləşdirilib.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.