TƏRTƏR, 12 iyul. TELEQRAF

Tərtər rayonunun 50 kəndində yas mərasimində ehsan verilmir.

Bunu Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Tərtərin "Cümə" məscidinin imamı Sadiq Cəfərov deyib.

O bildirib ki, kəndlərin camaatı, ağsaqqallar şurası yığışıb ehsan süfrələrini sadələşdirirlər.

"Kimsə gəlib qanun tətbiq etmir, elə bir qanun da yoxdur, camaat özü könüllü olaraq ehsan süfrəsini sadələşdirmək istəyir. Bir neçə il bundan əvvəl ehsan süfrələrinin sadələşdirilməsi barədə Qafqaz Müsəlmanları İdarəsi öz tövsiyələrini vermişdi. Demək olar ki, Tərtərin kəndlərinin hamısı yəni 50 kənddə ehsan süfrəsi sadələşdirilmiş qaydada təqdim edilir. Tərtər şəhərinin özündə də ehsan süfrələrinin sadələşdirilməsi tədricən tətbiq olunur".

***

BAKI, 12 iyul. TELEQRAF

15:38

Sabirabad və Saatlı rayonlarında yas mərasimində ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib.

Bu barədə Teleqraf-a açıqlamasında Sabirabad Cümə Heydər Məscidinin imam müavini Yusif Bağırov məlumat verib.

O bildirib ki, bir neçə gün öncə bununla bağlı ağsaqqallar təklif irəli sürüblər və belə qərar verilib.

“Ehsan qadağan edilməyib, sadəcə çay süfrəsinin açılması, ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Elə bu gün Sabirabadda yas mərasimi var idi və ehsan verilmədi. Mən ehsanın verilməsinin tərəfdarı deyiləm. Əhali də bununla razılaşır və buna əməl edir”, - din xadimi əlavə edib.