BAKI, 8 iyul. TELEQRAF

Bu gün Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib.

Teleqraf xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin jurnalistlərlə görüşlərini, Azərbaycan mətbuat tarixində mühüm rol oynamış nəşrləri əks etdirən “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgiyə baxış keçiriblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının tarixi, inkişaf yolu, gələcək perspektivləri, eyni zamanda medianın cəmiyyətdə maarifləndirmə funksiyası və milli dəyərlərin təbliğindəki rolu barədə səsləndirdiyi fikirləri əks etdirən videoçarxla başlayıb.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsiplərinin bu gün də dövlətin informasiya siyasətində və medianın fəaliyyətində öz əksini tapdığını və aktuallığını qoruyub saxladığını qeyd edib, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsində, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasında Ulu Öndərin əvəzsiz rolu barədə danışıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə baş tutan “Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan media prinsipləri” mövzusunda panel sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman, YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov və əməkdar jurnalist Vüqar Rəhimzadə tərəfindən Ümummilli Liderin media sahəsində həyata keçirdiyi islahatlar, azad və peşəkar medianın formalaşmasında atdığı əhəmiyyətli addımlar barədə geniş müzakirələr aparılıb və həmin prinsiplərin bu gün də dövlətin media siyasətində əsas istiqamət kimi davam etdirildiyi vurğulanıb.

***

11:40

Bu gün Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilir.

Teleqraf xəbər verir ki, konfransda bir sıra rəsmi şəxslər və media nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, həmçinin “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi də keçirilir. İştirakçılar əvvəlcə sərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuat tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilir.

Konfransı giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanın sürətli inkişafı, genişlənən quruculuq prosesi, dünyada lider mövqeyinin güclənməsi öz növbəsində media gündəmini də zənginləşdirir.

O bildirib ki, bununla həm də media öz işini ölkənin dinamik inkişaf tempinə uyğun qurmağa sövq edir.

Ə.İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir.

"Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir".

Onun sözlərinə görə, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib:

"Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb".