BAKI, 27 iyun. TELEQRAF

"Hadisənin baş vermə səbəbini birmənalı şəkildə demək indi mümkün deyil".

Teleqraf-ın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Azərbaycanfilm" kinostudiyasının həyətində baş verən partlayış və yanğınla bağlı danışarkən deyib.

O qeyd edib ki, ekspertlərin rəyini gözləmək lazımdır:

"Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər, onlar hadisə yerindədirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalıydı, amma oldu da", - Eldar Əzizov hadisə yerində İTV-yə bildirib.

Qeyd edək ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Daha sonra yanğın başlayıb. Yanğın söndürülüb.