BAKI, 20 iyun. TELEQRAF
“İyunun 18-dən başlayan təhsilsevərənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün keçirilən test imtahanında artıq 8149 müəllim iştirak edib. Ümumilikdə deyə bilərik ki, prosesdə 95% davamiyyət qeydə alınıb".
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
N.İsmayılbəyli qeyd edib ki, apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir:
"İmtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur. Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər. Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".