BAKI, 19 iyun. TELEQRAF

Damda tikilən hovuz və əlavə tikililər sökülüb.

Bu binanın balansdaşıyıcısı olan Nəsimi Mənzil Kommunal Təsərrüfatı Birliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, şikayət əsasında bir müddət öncə birliyin mütəxəssisləri tərəfindən binaya baxış keçirilib.

"Müəyyən edilib ki, damda tikilən hovuz və əlavə tikili binanın konstruksiyasına və dam örtüyünə ciddi təhlükə yaradır. Tikililərin binaya daha böyük zərər verməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb və tikililər sökülüb", - Birlikdən bildirilib.

***

11:32

Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

Teleqraf xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, bu qanunsuz tikililər binanin dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb.