BAKI, 11 iyun. TELEQRAF

"Rəqəmsallaşma bu gün bütün dünyada ailə fərdləri arasında uçuruma gətirib çıxarıb".

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Əmək və sosial müdafiə naziri Sadıq Qardiyanoğlu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ailəni qorumaq sadəcə bu günü qorumaq yox, gələcəyin inşası anlamına gəlməlidir: "Hazırda bütün dünyada ailə anlayışı daha əvvəllər rastlaşmadığı problemlərlə üz-üzə qalıb. Rəqəmsallaşma ailə fərdləri arasında uçurum yaradıb".

Nazir vurğulayıb ki, Şimali Kiprdə qadınlar, uşaqlar, gənclər və əlillərə yönəlmiş layihələrə başlanılıb.

"Son beş il ərzində evlənənlərin sayı dəyişmir, boşanma faizi isə artmaqdadır. Ona görə də, ailə anlayışını qorumaq üçün sosial və iqtisadi dəstək verilməsi önəmlidir".

Türkmənistanın Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Tacjhanova isə qeyd edib ki, cəmiyyətin özəyi olan ailə anlayışının qorunub saxlanmasına dövlət səviyyəsində qayğı göstərilməsi tədqirəlayiqdir.

"Gənc nəslin maarifləndirilməsi ailə anlayışının qorunmasının ayrılmaz və mühüm hissəsidir. Gənclərə milli adət-ənənələrə hörmət və dəyər aşılamaq gələcək nəslin düzgün köklər üzərində tərbiyəsi üçün vacib məsələdir", o qeyd edib.