
BAKI, 10 iyun. TELEQRAF
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə yalnız bir nəfər işdə yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunub (öz ərizəsi əsasında işdən çıxanlar bura aid deyil).
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Əmək haqqı və əlavələrdə hər hansı dəyişikliklə bağlı isə məlumatlı deyilik. Dəyişikliyin yeni tədris ilindən qəbul edilməsi mümkün ola bilər", - məlumatda bildirilib.
Qeyd edək ki, Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi ilə müəllimlər arasında gərginlik yaşanıb və görüntülər sosial şəbəkələrdə paylaşılmışdı.
Kollecin müəllim heyəti Teleqraf-a bildirib ki, yeni təyin olunan direktor Xoşqədəm Xudiyeva iki müəllimi - Saida Talıbova, Məlahət Əsgərovanı işdən azad edib. Həmçinin iddia edilir ki, rəhbərliyə yaxın olan şəxslərə 150-200 manat əlavə maaş yazılır.