BAKI, 31 may. TELEQRAF
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə metodologiyalarına dair məlumatı açıqlayıb.
Bu barədə Teleqraf-ın sorğusuna Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.
Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əsasən yaşayış infrastrukturunun yaradılması, kənd təsərrüfatı sahələri, nəqliyyat, energetika, eləcə də digər prioritet istiqamətlərdə aparılan təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə baş tutur.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin, hava limanları, avtomobil və dəmiryolları, sənaye parkları və digər irimiqyaslı layihələrin təhlükəsiz şəkildə həyata keçirilməsi məhz icra edilən humanitar minatəmizləmə fəaliyyətinin uğurlu nəticəsidir:

"Əl ilə minaaxtarma fəaliyyəti humanitar minatəmizləmə sahəsinin ayrılmaz və çox zəhmət tələb edən hissəsidir. Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik lokatorlardan istifadə edilir. Metalla çirklənmə səviyyəsi yüksək olan ərazilərdə isə qazma üsulu tətbiq edilir. Minaaxtaranlar torpağı qarış-qarış təmizləyir, hər bir siqnal təhlil edilir.
Texniki tədqiqat prosesində şübhəli ərazilərin qısaldılması məqsədilə tətbiq olunan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəlilik və təhlükəsizlik baxımından ən başlıca yer tutmaqdadır".
Agentlik əlavə edib ki, humanitar minatəmizləmə əməliyyatlarında xüsusi təlim keçmiş Minaaxtaran İtlərin (MAİ) dəstəyindən istifadə olunması ən səmərəli üsullardan biri hesab olunur:
"MAİ-lərdən bütün texniki tədqiqiat və minatəmizləmə zamanı, eləcə də evlərin, ictimai obyektlərin axtarışında istifadə edilir. Metalla yüksək çirklənmiş ərazilərin təmizlənməsində detektorların istifadəsi məhdud olduğu halda, eyni zamanda çətin relyefə malik ərazilərdə minaaxtaran itlər effektiv vasitə hesab olunurlar. Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən təmizləmə əməliyyatlarında hər bir cığır üzrə 2 MAİ əməliyyata cəlb edilir. İlk olaraq bir MAİ yoxlayır, ərazidə heç bir minanın ötürülmədiyinə əmin olmaq üçün isə ikinci MAİ tərəfindən təkrar yoxlanılır.
Humanitar minatəmizləmə fəaliyyəti Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və ölkənin hərtərəfli inkişafına və rifahına ciddi təsir edir. Bu sahədə görülən işlər, yalnız torpaqlarımızın təmizlənməsi ilə məhdudlaşmır, eyni zamanda insan həyatı və təhlükəsizliyinin təmin olunmasında da böyük əhəmiyyət kəsb edir".

Həmçinin o da qeyd edilib ki, sözügedən cığırların sayı əraziyə uyğun müəyyən olunur.
Agentlik sonda vətəndaşlara müraciət edib:
"Hər bir mina partlayışı yalnız bir bədəni yox, bütöv bir cəmiyyəti yaralayır. Bu məsələ dövlətin və cəmiyyətin ortaq məsuliyyətidir – hər vətəndaş mina təhlükəsini anlayana qədər təhlükə davam edir. Bu məqsədlə bir daha vətəndaşlarımıza çağırış edirik - təhlükəli ərazilərdən uzaq durun, şübhəli əşyalara toxunmayın və bu barədə dərhal məlumat verin. Təhlükəli hallarla rastlaşarsınızsa, 805, 102 və ya 112 qaynar xətlərinə zəng edin".