BAKI, 27 may. TELEQRAF
"Müsəlman memarlıq abidələri, xüsusən də ənənəvi müsəlman yaşayış məntəqələrindən kənarda yerləşənlər dinlərarası dialoqun inkişafında əsas rol oynayır".
Teleqraf xəbər verir ki, bunu Moskva İslam İnstitutunun rektoru Damir Muhetdinov "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məscidlər kimi dini tikililər təkcə mənəvi birləşmə məkanı deyil, həm də mədəni diplomatiyanın, xüsusən də dini və etnik müxtəliflik şəraitində mühüm elementlərdən birinə çevrilir.
"Azərbaycanın Qarabağ ərazisinin işğaldan azad edilməsi və bərpası tarixi bizə dini memarlıq abidələrinin istənilən cəmiyyətdə yaddaş siyasətində mühüm rol oynamasının bariz nümunəsi olduğunu deməyə imkan verir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.