BAKI, 27 may. TELEQRAF
Yaxın gələcəkdə İslam Avropada əsas dinə çevriləcək.
Teleqraf xəbər verir ki, bunu Qətərin Beynəlxalq Müsəlman Alimlər Birliyinin vitse-prezident Abdelmacid Nacar "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı deyib.
"Qərb qanunvericiliyi ilə müsəlmanlara qarşı nifrət: Fransa nümunəsi" mövzusunda məruzəsində qeyd edib ki, müsəlmanların diskriminasiyaya məruz qalmasının əsas səbəbi İslam haqqında məlumatsızlıqdır.
"Diskriminasiyalara baxmayaraq İslam Avropada kifayət qədər yayılmaqdadır. Cəmiyyətlərdə İslamı təqib edən qanunlar tətbiq olunur. Saxta, əsassız səbəblərlə müəyyən islamçı şəxsləri, dini tədris edən imamları ölkədən deportasiya edirlər. Bütün bu mənfi təzahürlərə qarşı birlikdə mübarizə aparmalıyıq. İslama qarşı aparılan bu təbliğat insan hüquqlarının pozulması ilə nəticələnir. Və belə aydın olur ki, "insan hüquqları" ifadəsi boş bir yalandır", - o bildirib.
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.