BAKI, 21 may. TELEQRAF
Hamiləlikdə virus infeksiyasına yoluxan gənc qadın ölü döl dünyaya gətirib, hazırda vəziyyəti orta ağırdır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs mayın 19-da saat 17:00 radələrində Ucar Rayon Mərkəzi Xəstəxanasından 32 həftəlik hamiləlik, uşaqlıqla çapıq, ölü döl diaqnozları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzə təxliyə olunub.
Qeyd edilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyent üzərində qeysəriyyə kəsiyi əməliyyatı icra olunub və ölü döl xaric edilib. Ölü döl təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Pasiyent hamiləlik müddətində virus infeksiyasına yoluxmasını və 10 gün ərzində bətnində körpənin hərəkətini hiss etmədiyini bildirib.
Əlavə edilib ki, hazırda Reanimasiya şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.