BAKI, 16 may. TELEQRAF

Konstitusiya Məhkəməsi bu yaxınlarda Baş Prokurorluğun sorğusu əsasında Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Teleqraf-ın xəbərinə görə, Konstitusiya Məhkəməsinin qərara əsasən Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirmiş şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilir, şəxsin əməlində başqa cinayət tərkibinin də olduğu halda o, yalnız həmin cinayətə görə məsuliyyətə cəlb edilir.

Konstitusiya Məhkəməsinin qərarını şərh edən Vəkillər Kollegiyasının üzvü Elvin Əliyevin sözlərinə görə, həmin maddələrdən birinin dipozisiyası və maddənin qeydi belə müəyyən olunub: “Cinayət Məcəlləsinin 144-cü maddəsi, yəni adam oğurluğu. Bu maddə ağır cinayətlər kateqoriyasına aiddir, lakin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza çox olsa belə maddənin qeydi həmin cinayəti törətmiş şəxsi cinayət məsuliyyətindən azad olunması üçün əsas verir.

Belə ki, həmin maddənin qeydinə görə əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Qeyddə göstərilən digər nüans onu deyir ki, əgər adam oğurlamış şəxs həmin zaman başqa bir cinayət törədibsə və oğurladığı adamı könüllü azad edirsə, onu Cinayət Məcəlləsinin 144-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edirlər. Yalnız həmin zaman törətdiyi digər cinayət əməlinə görə məsuliyyətə cəlb olunur”.

Vəkil qeyd edib ki, həmçinin qərarda göstərilən digər maddələrin də qeyd hissində nəzərdə tutulmuş qaydada şəxs cinayət məsuliyyətindən azad olunur:

“Bu qərar cinayətkarlığın qarşısının alınması, həmin cinayətlərdən birini törətmiş şəxsə cinayətdən könüllü imtina etməsi, cinayət əməlinin aşkar edilməsi, cinayətin qarşısının alınması üçün atılmış humanist addımlardan biridir.

Qərar bir daha cəmiyyətə açıqca bildirir ki, cinayət törətməkdən qaçmaq, cinayətkarlığa və cinayətkarlara qarşı qanunvericiliyin tələbinə uyğun olaraq mübarizə aparmaq lazımdır. Qərarda göstərilən maddələr ağır və xüsusilə ağır cinayətlərdir. Cinayət Məcəlləsində həmin maddələr üzrə çox ağır cəzalar nəzərdə tutulub. Həmin maddələr üzrə törədilmiş cinayətlər ağır nəticələrə gətirib çıxardığına görə törədilən cinayətdən zamanında imtina edilməsi və cinayət əməlinə son qoyulması üçün verilmiş şansdır. Cinayətdən uzaq olmaq bizim vəzifəmizdir”.