BAKI, 17 aprel. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 şəhid hərbçinin şəxsiyyəti müəyyənləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Onlar Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu və Mehdiyev Münasib Namaz oğludur.

M.Hüseynov 1970-ci il may ayının 5-də Ermənistanın Loru rayonunun (Kalinino) Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü il oktyabrın 10-da Cəbrayıl şəhərində itkin düşüb.

Ə.Mirzəliyev 1969-cu il iyulun 18-də Cəbrayil rayounun Cocuq Mərcanlı kəndində anadan olub. 1993-cü il oktyabrın 24-də Cocuq Mərcanlıda itkin düşüb.

M.Mehdiyev 1973-cü il avqustun 26-da Samux rayonunun Qovlarsarı kəndində anadan olub. 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşb.

Torpaqlarımız işğaldan azad olunandan sonra itkin hərbçilərin meyitinin qalıqları tapılıb. Ekspertiza nəticəsində onların kimlikləri müəyyənləşdirilib.

Şəhidlər aprelin 18-də dəfn olunacaq. M.Hüseynov Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi “Şəhidlər Xiyabanı”nda, Ə.Mirzəliyev Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.