BAKI, 20 fevral. TELEQRAF

Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, buna görə ali təhsilli ailələrin olması çox vacibdir: "Orta statistik göstəricilərə görə anası ali təhsilli olan qızın mühəndislik, texnologiya, riyaziyyat ixtisaslarını seçmə ehtimalı digərlərinə görə daha yüksəkdir.

Bu gün daha çox qız müxtəlif pillələrdə təhsilə cəlb olunur. Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə çox gənc təhsil alır. Təhsil alanlar arasında gənc xanımların sayının artması savadlı anaların, ailələrin olması deməkdir. Təhsil Azərbaycan gənclərinin, xüsusilə qızların növbəti mərhələlərdə özünün və cəmiyyətin inkişafını şəkilləndirən amil olacaq",- nazir vurğulayıb.