BAKI, 20 fevral. TELEQRAF

Bu gün görülən işlərin nəticəsini biz 15-20 ildən sonra görəcəyik.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların təhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib.

"Elm və Təhsil Nazirliyi olaraq bizim üçün qızların təhsili və təhsilin keyfiyyəti çox vacibdir. Məsələn, 7 yaşında təhsil almayan bir qız bunun nəticəsini 15 -20 ildən sonra görəcək. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bizim hazırda təhsil sistemində gördüyümüz 30-40 il öncə olan fəaliyyətin nəticəsidir. Qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir. Bu gün hələ də dünyanın bəzi yerlərində qızların təhsil hüquqları tamamilə məhdudlaşdırılır. Odur ki, təhdidləri açıq şəkildə müzakirə etməyə ehtiyac var",- deyə nazir qeyd edib.