BDU-nun təcrübəsinin digər ali məktəblərdə də təkrarlanma ehtimalı var

Prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirib.

BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, universitetin Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib.

BDU-da 3 minədək əməkdaşın maaşı artdı

Məlumatda bildirilir ki, artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib. BDU-da fəaliyyətinə, peşəkarlığına, əldə etdiyi nailiyyətə görə fərqlənmiş bir qrup əməkdaşın da məvacibində differensasiya prinsipi ilə müəyyən artım olub.

Son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı 1 fevral 2015-ci ildən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu qayda da 300 nəfərə şamil olunub.

3 min manatdan yuxarı əməkhaqqı alan müəllimlər də var

Hazırda BDU-da professor-müəllim heyətinin maaşı minimum 600, maksimum 1400 manat təşkil edir, orta aylıq əməkhaqqı isə 1000 manatdır.

Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili “50+50" və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin maaşla birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Differensasiya əsasında əməkhaqqı hansı mexanizmlə artırılır?

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) müəllimi, dosent Fəxrəddin Yusifovun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı ölkədə baş verənlər müəllimlərin əməkhaqlarının differensasiyası məsələlərinə yenidən baxılmasını zəruri edib.

Fəxrəddin Yusifov bildirdi ki, son durumla bağlı bəzi sosial təbəqələr kimi müəllimlərin də qayğıya ehtiyacı yaranıb: “Mətbuatdan oxuduğum məlumatlara görə, Nazirlər Kabineti səviyyəsində bu məsələ üzərində düşünülür ki, əhalinin geniş kütləsinə böyük zərər verilməməsi üçün əməkhaqlarının differensasiya yolu ilə artırılması istiqamətində işlər görülsün. Bu barədə nə qədər tez qərar verilsə, bir o qədər əhalinin, o cümlədən müəllimlərin xeyrinə olar. Ona görə də bu məsələlərin dövlətin diqqətində olması yaxşı haldır”.

Müəllimlərin əməkhaqqının differensasiya yolu ilə artırılmasına gəlincə, Fəxrəddin Yusifov dedi ki, ali məktəblərdə bu proses müəllim əməyinin nəticələrinə görə qiymətləndirilməlidir: “Təhsil Nazirliyindən bildirilmişdi ki, hansı müəllimin təlim nəticələri yüksəkdir, o müəllimlərin əməkhaqqı yüksək olmalıdır. Amma təlim nəticələri hansı mexanizmlə qiymətləndirilməlidir, bu, əsas məsələdir. Müəllim var, dərsi keyfiyyətli keçmir, amma tələbə gedir test suallarının cavablarını əzbərləyir, 25 tələbədən 20-si yüksək nəticə göstərir, bununla müəllimin fəaliyyətini differensasiya etmək mümkün deyil. Ona görə də müəllimin fəaliyyətinin keyfiyyəti əsasdır.

Müəllimin elmi, pedaqoji, təhsil ictimaiyyəti arasında nüfuzu, dissertasiyalarda, dərc olunan elmi kitablarda rəyçi kimi fəaliyyət sahələri bu tələblərə cavab verə bilirmi? Bütün bunlar hüquqi baza kimi həmin mexanizmin tərkib hissəsinə çevrilməlidir".

Alim hesab edir ki, orta məktəblərdə müəllimin əməkhaqqının da sınaq qiymətləndirməsindən yüksək nəticə göstərilənlərlə differensasiya olunmasında konkret mexanizmlər işlənməidir: “Tələbəsinin yüksək bal toplaması müəllimin fəaliyyəti üçün meyar ola bilməz. Elə müəllim var, savadlıdır, amma metodikası zəifdir, sinifdə, auditoriyada işini qura bilmir”.

Fəxrəddin Yusifov dedi ki, Boloniya prosesinə qoşulduqdan sonra Azərbaycan ali məktəblərində müəllimlərin fəaliyyətinin tyutor sistemi vasitəsilə, anonim formada mexaniki izlənilməsi həyata keçirilməlidir: “Müəlliminin peşəkarlıq fəaliyyətindən tutmuş, onun davranışına, elmi-pedaqoji fəaliyyətinə, öyrətmə qabiliyyətinə dair anonim sorğular aparılmalıdır. Çünki I kursdan tələbələr hansı müəllimlərdən dərs almaq istəsələr, bu sistemin nəticələrinə baxıb özlərinə müəllim seçə bilsin. Eyni zamanda, müəssisə rəhbərliyi tərəfindən şəffaf şəkildə obyektiv sorğular aparıla bilər. Ona görə də hazırda müəllim əməyinin qiymətləndirilməsi olduqca çətin prosesdir”.

Xaricdə alimin biliyi onun gəlir yeridir

Xarici ölkələrdən nümunə gətirən həmsöhbətimiz dedi ki, inkişaf etmiş ölkələrdə alimin biliyi ona gəlir gətirir: “Kitabları onu məşhurlaşdırır, ictimai rəy o qədər güclüdür ki, onun nüfuzu dərhal müəyyənləşir, dəyərləndirmə mexanizmlərinə ehtiyac qalmır. Amma bizdə elə rəqabət mühiti yoxdur, şəffaf dəyərləndirmə, obyektiv amillərin nəzərə alınması olmadığı üçün, meyarların müəyyənləşməsində ciddi axtarışlar aparılıb, ədalətə söykənən mexanizm hazırlanmalıdır”.

Fəxrəddin Yusifov bildirdi ki, ADPU ilə BDU-nun maliyyə imkanları eyni olmadığına görə Pedaqoji Universitetdə müəllimlərin əməkhaqqının yüksəldilməsi hələlik gözlənilmir: “Bakı Dövlət Universitetində görülən tədbirlərə gəlincə, bu universitet muxtariyyət qazanan 6 ali məktəbdən biri olduğu üçün maliyyənin idarə olunmasında müstəqildir. Manatın məzənnəsində dəyişiklik olmadan öncə Pedaqoji Universitetin elmi şurasında ödənişli qruplardan gələn vəsaitlərlə bağlı müəllimlərə əlavə 35-50 manat civarında yardım nəzərdə tutulması gündəmə gətirildi. Müəllimin əməkhaqqısı 370 manatdırsa, 170 manat da ödənişlə təhsil alan tələbələrdən əlavə edilir. Bu məsələdə obyektivlik var. Professorlara, dosentlərə və tədris köməkçi heyətinə əlavə ödənişlər kateqoriyalar üzrə ədalətlə nəzərdə tutulur. Amma hazırda universitetimizdə real vəziyyət ondan ibarətdir ki, universitetin büdcəsinə tələbələrin ödəniş haqları ilin əvvəlindən daxil olub. Ona görə ödənişli ixtisaslarda təhsilhaqları artmadan bizim universitetdə müəllimlərin əməkhaqqında artım çətinlik yaradacaq”.

Sevil Hilalqızı