Dövlət İmtahan Mərkəzi (DİM) 2024-2025-ci tədris ili üzrə respublikanın ali məktəblərinə ixtisas seçiminin vaxtını elan edib. Seçim 9-19 avqust tarixlərində aparılacaq. İxtisas seçimi müsabiqəsinə buraxılacaq abituriyentləri ən çox düşündürən məsələlərdən biri də hansı universitetin daha perspektivli olmasıdır. Azərbaycan universitetləri arasında seçim edərkən nələr diqqətə alınmalıdır?

Teleqraf.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hansı universitetə üstünlük verilməsi şəxsi prioritetlərə görə dəyişə bilər:

“Universitetin təklif etdiyi ixtisaslar və bu ixtisasların keyfiyyəti öyrənilməlidir. Universitetin tədqiqat infrastrukturu və tələbələrə təqdim etdiyi imkanlar da vacib məqamdır. Çünki güclü tədqiqat imkanları olan universitetlər tələbələrə innovativ layihələrdə iştirak etmək imkanı yaradır. Universitetin müəllim heyəti, peşəkarlığı və elmi nailiyyətləri də önəmlidir. Təcrübəli və tanınmış müəllimlərdən dərs almaq tələbələrin təhsil keyfiyyətini artırır”.

Kamran Əsədov universitetin işəgötürmə və məzun uğurlarının önəmli olduğunu deyir:

“Əgər bir universitetin məzunları işəgötürmədə daha yüksək nisbətə malikdirlərsə, bu, universitetin təhsil səviyyəsinə sübut sayıla bilər. Bunlar akademik məsləhət, karyera xidmətləri, kitabxana imkanları və tələbə klublarını əhatə edə bilər. Universitetlərin dünya miqyasında tanınmış reytinqlərdə (məsələn, QS World University Rankings, Times Higher Education) necə qiymətləndirildiyi nəzərə alınmalıdır.

Azərbaycan daxilində Bakı Dövlət Universiteti (BDU), ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəssisələri yüksək keyfiyyətli universitetlər arasında tanınırlar. Bu universitetlər, müxtəlif sahələrdə yüksək keyfiyyətli tədris proqramları və tədqiqat imkanları ilə fərqlənir”.