Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Teleqraf.com-un əməkdaşları olaraq bayram münasibətilə heyvan bazarlarındakı vəziyyəti öyrənmək üçün yola çıxdıq.
Fotoqrafımız Rüfətlə zarafatlaşırıq ki, hər mövzunu işləyib bitirdik, indi də qoyun çəkməyə gedirik. Zarafat deyil, səliqəli geyimdə, isti havada normalda heç kim qoyunların arasına girməz. Bazarın da yolunu dəqiq bilmirik. Rüfət deyir ki, qulağına qoyun səsi gəlir, gülüşürük.
Binəqədi yaxınlığında qoyun-quzu satılan bazara yaxınlaşırıq. Əsl quzu kababının bişirildiyi saatlardır. Günəş başımıza döyəcləməyə başlayırdı ki, 16-17 yaşlarında, əli çomaqlı bir oğlan bizə yaxınlaşdı:
- Salam.
- Salam.
- Mediadan gəlmişik, çəkiliş edə bilərik?
Diqqətlə kameraya baxır:
- Bunlar mənim mallarımdır, amma çəkiliş edə bilməzsiniz. Gedin o tərəfə...
Doğrusu, təəccübləndik. Satdığı qoyundur, məxfi məlumat deyil ki...

Elə bu dəmdə uzaqdan başqa bir gənc satıcı bizi alıcı zənn edib, tez qarşımıza yüyürür. Gəliş səbəbimizi biləndə əvvəlcə danışmaqdan imtina edir. Şirin dilimizi işə saldıqdan sonra bizi "qızları" ilə tanış etməyə başlayır. Elə-belə “qızları” demədim ha, qızı qədər əzizləyirdi.
Gözüm satıcının əlindəki pullara sataşır ki, özü dilə gəlir:
- Bax, əlimdə nə qədər pul var?! Bayaq bir quzunu satdım.
- (Sayıram) 150 manat.
- Hə, 15 kiloluq quzunu 150 manata satdım.
- Qiymətlər həmişə belə aşağıdır?
- Yəni, belədir də... Kilosu 10 manata satılır.
Çəkilişi görən digər satıcılar da həvəsə gəlib, bizə doğru addımlayırlar:
- Nolar, qoy, Şamaxını da (divardakı yazını göstərir) çəksin. Gəl, bu quzunun da şəklini çək.
Fotoqrafımıza deyirəm ki, çək, redaktorumuz Qurban Yaquboğlunun xoşuna gələcək. Axı, şamaxılıdır.
Elə, bunu eşidən satıcı:
- Mütləq çək, Qurban müəllim baxacaq e!

***
Bir az da qoyunların arasına doğru irəliləyirik. Bir də baxdım ki, bəzi qoyunların boyu az qala bizim qədərdir.
- Ən ağır qoyun neçə kilodur?
- Ən ağırı 40-50-60 kilodur.

- Satanda qiymətində endirim edirsiniz?
- Yaxşı qardaş gəlirsə, endirim edirik. Heyvana görə kilosunun qiyməti 10-12-13 manat arasında dəyişir. İndi eləsi var, ailəvi gəlir, endirim etməliyik.
Bu an digər satıcı bəyaz bir qoçu tutub, üstümə gəlir:
- Sən canın, gəl şəkil çəkdir bununla.
- Yox (gülürəm).
Amma razı salır...

- Şəklini indi çıxarıb verə bilərsən?
- Saytdan götürərsiniz...
- Tut bunu, çək indi...
- Heyvanları hansı rayonlardan gətirirsiniz?
- Qafqaz sıra dağlarından (gülür). İmişli, Beyləqan, Ağcabədi, Şamaxı, Salyandan gətiririk.
- Qiymət fərqləri necədir?
- Qoçun kilosu 10 manat, qoyun 8 manat, quzu 13 manat arasındadır. Qurban bayramında gələrsiniz, endirim edərik.
- Bəs bayramla bağlı qurbanlıq almağa gələn var?
- Bayram var ki? Çoxusu özləri üçün yox, nişanlı qız üçün almağa gəlirlər. Bax, bunların hamısı bron edilib (boyalı quzuları göstərir).

- Heyvandakı gözəlliyə bax! (Qucağına alır) Bunu nişana aparıb nə kəsərəm!
- Keçi də satırsınız, deyəsən...
- Keçilər kilosu 7 manata da var, 8 manata da...

- Keçi niyə ucuzdur?
- Qonağın gələndə quzu kəsirsən də, keçi yox. Bax, bu qoyun kababa yaxşı gedir, quyruqludur.
- Ən çox hansı ərəfələrdə alıcılıq çox olur?
- Toy olanda, hüzr düşəndə.
Sən hələ buna bax, qayınanaya layiq qurbanlıqdır e!

- Ay ərzində nə qədər heyvan satırsınız?
- Çox...
- Bəs burada kəsim edirsiniz?
- Yox, biz ancaq satışı ilə məşğuluq.
Ümumi alıcılıq qabiliyyətini soruşdum ki, satıcı gileylənməyə başladı:
- Bax, alıcı görürsən? Bütün gün özümüzük burada. Günəş başımıza vurur. Yenə də min bərəkət...

***
Quzulardan aralaşıb, satıcılarla yavaşca sağollaşdıq. Mühitə necə uyğunlaşmışdımsa, yol boyu qulağımda quzu mələyirdi.
Bayramınız mübarək!