BAKI, 20 avqust. TELEQRAF
Qara dənizdə göyərtəsində azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları (Cook Islands) bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanını tərk edərkən gözlənilmədən hücuma məruz qalıb.
İlkin məlumatlara görə, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.
Gəminin göyərtəsində 10 nəfər Hindistan, 3 nəfər Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvü olub. Dron hücumundan sonra vətəndaşların təcili təxliyə işlərinə başlanılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəmiyə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilmir.