BAKI, 14 avqust. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Eldar müəllimlə, Prezident İlham Əliyevin Naxçıvana səfəri, əsası qoyulan və açılışı edilən obyektlərin strateji və ictimai əhəmiyyəti, bölgənin enerji, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə bağlı əsas imkanlarından danışmışıq.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Prezident İlham Əliyevin Naxçıvana səfəri, oradan verilən mesajlar, açılışı edilən obyektlər və bölgənin inkişaf strategiyası ilə bağlı əsas hədəfləri necə səciyyələndirmək olar?

- Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri ölkənin ictimai-siyasi gündəmində mühüm hadisə kimi qiymətləndirilir. Səfər Naxçıvanda həyata keçirilən layihələr və qarşıdakı vəzifələrlə yanaşı, Muxtar Respublikanın Azərbaycanın ümumi inkişaf strategiyasında artan rolunu nümayiş etdirir.

Naxçıvan dövlətçilik tarixində xüsusi yerə malik olmaqla yanaşı, geosiyasi və coğrafi mövqeyinə görə Azərbaycanın strateji əhəmiyyətli bölgələrindəndir. Son illərdə burada həyata keçirilən institusional, sosial-iqtisadi və infrastruktur dəyişiklikləri Naxçıvanın inkişafını ölkənin uzunmüddətli iqtisadi və nəqliyyat strategiyasının mühüm istiqamətinə çevirib.

Sözsüz ki, Naxçıvanın uzun illər blokada şəraitində yaşaması böyük çətinliklər törədirdi. Amma bütün bu çətinliklərə baxmayaraq və ağır blokada şəraitinin yaratdığı problemlərə rəğmən Naxçıvanın gələcəyi, bu günü və sabahı üçün mütərəqqi addımlar atıldı. Ulu öndər Heydər Əliyevin Naxçıvanda müstəqilliyin ilk illərində rəhbərlikdə olması Naxçıvanın xilası və yeni tarixinin parlaq səhifəsi oldu. Sonrakı dövrdə də Naxçıvan ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq müyyənləşmiş strategiya ilə öz xarakterik xəttini saxlaya bildi.

Naxçıvanın inkişafına sistemli yanaşmanın əsas istiqamətlərindən biri 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramıdır. Proqramda iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahibkarlıq və investisiya fəallığının artırılması, sosial xidmətlərin yaxşılaşdırılması və nəqliyyat imkanlarının genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

2022-ci ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması mərkəzi dövlət siyasəti ilə yerli idarəetmə arasında koordinasiyanın gücləndirilməsi baxımından mühüm institusional addım olub. 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər isə idarəetmə sisteminin hüquqi müstəvidə yenilənməsinin davamı kimi qiymətləndirilə bilər.

- Naxçıvanın qarşısında duran əsas məsələlərdən biri coğrafi məhdudiyyətlərin iqtisadi inkişaf üçün maneə olmaqdan çıxarılmasıdır. Bununla bağlı atılan addımları necə dəyərləndirmək olar?

- Mürəkkəb logistika şəraiti uzun müddət burada istehsal olunan məhsulların digər bölgələrə və xarici bazarlara çıxış xərclərini artırıb.

2026-cı ilin iyununda imzalanmış fərmanda da Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının daşınmasında məhdudiyyətlər və yüksək logistika xərcləri qeyd olunub. Buna görə növbəti mərhələdə əsas məqsəd yalnız istehsalın artırılması deyil, məhsulların bazarlara çıxış imkanlarının genişləndirilməsi olmalıdır.

Naxçıvanın iqtisadi gələcəyi istehsal potensialının artırılması, logistikanın inkişafı və investisiya mühitinin yaxşılaşdırılmasının uzlaşdırılmasından asılıdır.

Naxçıvanın strateji çəkisini artıran əsas amillərdən biri nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycanla Naxçıvan arasında daha səmərəli bağlantıların yaradılması regional iqtisadiyyatla yanaşı, ölkənin geoiqtisadi mövqeyi üçün də mühüm əhəmiyyət daşıyır.

- Zəngəzur istiqamətində kommunikasiyaların açılması Naxçıvanın Azərbaycanla birbaşa quru bağlantısını təmin etməklə logistika imkanlarını əhəmiyyətli dərəcədə dəyişə bilər...

- Sözsüz ki, Zəngəzur dəhlizinin açılması mühüm tarixi addım olacaq. Bununla yanaşı Azərbaycan və İran arasında Naxçıvanla Şərqi Zəngəzur arasında İran ərazisindən keçən alternativ kommunikasiya bağlantıları barədə memorandumun mövcudluğu da mühüm əhəmiyyət daşıyır.

Beləliklə, Naxçıvanın gələcək nəqliyyat modeli bir neçə istiqamətin birləşməsinə əsaslana bilər: Azərbaycanla birbaşa bağlantı, İran üzərindən alternativ marşrutlar və Türkiyə ilə genişlənən əlaqələr. Bu, Naxçıvanın regional nəqliyyat qovşağına çevrilməsi üçün geniş imkanlar yaradır.

Naxçıvanın davamlı inkişafı üçün enerji və su təminatının sabitliyi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və 2026–2030-cu illər üçün tədbirlər planının təsdiqlənməsi enerji təchizatının daha etibarlı və səmərəli qurulmasına yönəlib.

Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və enerji bağlantılarını genişləndirmək siyasəti fonunda Naxçıvanın əhəmiyyəti daha da artır. Muxtar respublikanın Türkiyə və İranla həmsərhəd mövqeyi onu regional ticarət və logistika baxımından əlverişli məkana çevirə bilər.

- Eldar müəllim, cənab Prezident Naxçıvana səfəri çərçivəsində AZTV-yə müsahibəsində çox mühüm məqamlara toxunub. Ölkə başçısının vermiş olduğu bu mesajların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ölkəmizin başçının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf prioritetləri, təhlükəsizlik və enerji siyasəti, nəqliyyat-kommunikasiya imkanları, sənayeləşmə, kənd təsərrüfatı, turizm, tarixi-mədəni irsin qorunması və idarəetmə sahəsində qarşıda duran vəzifələrə dair geniş strateji baxışın ifadəsi kimi diqqəti cəlb edir.

Dövlət başçısı müsahibəsində Prezident kimi Naxçıvana 17-ci səfərinin həyata keçirildiyini qeyd edərək, hər səfərin konkret nəticələrlə müşayiət olunduğunu və Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Səfər çərçivəsində həyata keçirilən tədbirlər, təqdim olunan layihələr və verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev Naxçıvanın coğrafi xüsusiyyətlərini, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmamasını nəzərə alaraq, muxtar respublikanın təhlükəsizliyinə daim xüsusi diqqət göstərildiyini bildirib.

Bu xüsusda Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələri mühüm addım kimi xarakterizə olunur.

- Naxçıvanda Sənaye Parkının yaradılmasının perspektivləri ilə bağlı əsas istiqamətləri necə dəyərləndirmək olar?

- Sözsüz ki, səfərin mühüm nəticələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Yeni sənaye parkının yaradılması Muxtar Respublikada istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası da nəzərdə tutulur. Bu layihənin əsas məqsədlərindən biri Naxçıvanın dayanıqlı enerji təminatını daha da möhkəmləndirmək, digər istiqamət isə gələcəkdə elektrik enerjisinin ixrac imkanlarını artırmaqdır.

- Enerji təchizatı ilə bağlı atılan addımları necə xarakterizə etmək olar?

- Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması uzun illər ərzində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir. Muxtar respublikada qazlaşmanın 100 faizə çatdırılması, su, Günəş və modul tipli elektrik stansiyalarının yaradılması bu siyasətin mühüm tərkib hissələridir.

Prezident müsahibəsində Naxçıvanın bərpaolunan enerji potensialının xüsusilə böyük olduğunu qeyd edib. Aparılmış araşdırmalar nəticəsində Günəş enerjisinin istehsalı üçün Naxçıvanın Azərbaycanın ən əlverişli məkanlarından biri olduğu müəyyənləşdirilib. Bu məqsədlə 600 hektardan artıq ərazi müəyyən edilib və gələcəkdə burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur.

Beləliklə, Naxçıvan yalnız enerji ilə təmin olunan ərazi deyil, gələcəkdə əhəmiyyətli enerji ixracatçısına çevrilə biləcək strateji enerji mərkəzi kimi nəzərdən keçirilir.

- Zəngəzur dəhlizi və Naxçıvanın nəqliyyat-logistika imkanları ilə bağlı əsas proqnozlar nədən ibarətdir?

- Ölkəmizin başçısının Dövlət Televiziyasına müsahibəsinin mühüm hissəsi Zəngəzur dəhlizinin yaradılması və Naxçıvanın regional nəqliyyat mərkəzinə çevrilməsi məsələsinə həsr olunub.

Dövlət başçısının müsahibəsində bildirdiyi kimi, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilmiş Zirvə Görüşündə bu məsələnin həlli istiqamətində mühüm nəticə əldə olunub və TRIPP layihəsinin icrasına başlanılıb. Bu layihənin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə, eyni zamanda, regionun iqtisadi və logistika xəritəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verə bilər.

Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin başa çatmaq üzrə olduğu, dəmir yolu layihəsinin isə sürətlə davam etdirildiyi qeyd olunub. Eyni zamanda, Naxçıvan ərazisində dəmir yolunun yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində konkret işlər aparılır.

Bu baxımdan Naxçıvanın gələcəkdə yalnız Azərbaycan daxilində deyil, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən mühüm beynəlxalq logistika mərkəzlərindən birinə çevrilməsi nəzərdə tutulur.

- Dövlət başçısının müsahibəsində Zəngəzur dəhlizinə yalnız nəqliyyat layihəsi kimi deyil, daha geniş regional kommunikasiya sistemi kimi yanaşmanın formalaşdığı diqqətə çatdırılıb...

- Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olduğu, gələcəkdə bu istiqamətdə fiber-optik kabellərin, zərurət yarandığı təqdirdə isə digər enerji və kommunikasiya xətlərinin də çəkilə biləcəyi bildirilib.

Bu baxımdan Zəngəzur dəhlizinin nəqliyyatla yanaşı, enerji və rəqəmsal kommunikasiyalar baxımından da regional inteqrasiyaya xidmət edə biləcək çoxfunksiyalı infrastruktur layihəsinə çevrilməsi nəzərdə tutulur.

Naxçıvanın Türkiyə və İranla mövcud enerji əlaqələrinin genişləndirilməsi, gələcəkdə isə Avropa bazarlarına elektrik enerjisi ixracının artırılması Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur.

- Naxçıvanın bərpaolunan enerji potensialının reallaşdırılması həm muxtar respublikanın enerji təhlükəsizliyi, həm də Azərbaycanın ümumi yaşıl enerji strategiyası baxımından mühüm əhəmiyyət daşıdığı da diqqətə çatdırıldı...

- Prezident İlham Əliyev Naxçıvanın yaşıl enerji zonası olduğunu qeyd edərək, burada Günəş və su elektrik enerjisi istehsalının genişləndirilməsi ilə yanaşı, enerji saxlanc sistemlərinin yaradılmasının da vacibliyini vurğulayıb.

Bu məqsədlə Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavat gücündə batareya enerji saxlanc qurğusunun yaradılması nəzərdə tutulur. Belə sistemlər bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin daha səmərəli istifadəsinə və enerji sisteminin dayanıqlığının artırılmasına imkan verəcək.

- Tarixi-mədəni irsin qorunması istiqamətində də dövlətin atdığı addımlar diqqət mərkəzindədir…

- Naxçıvanın inkişafı yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Dövlət başçısının müsahibəsində muxtar respublikanın zəngin tarixi və mədəni irsinin qorunması məsələsinə də xüsusi diqqət yetirilib.

Naxçıvanın qədim Atabəylər dövlətinin paytaxtı olması, burada dünya əhəmiyyətli çoxsaylı tarixi-memarlıq abidələrinin yerləşməsi regionun mədəni əhəmiyyətini daha da artırır.

Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması istiqamətində görülən işlər bu siyasətin mühüm hissəsidir. Eyni zamanda, məşhur memar Əcəmi Naxçıvaninin xatirəsinə ucaldılmış abidə Naxçıvanın memarlıq irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

- Kənd təsərrüfatı, suvarma və sosial inkişafla bağlı mühüm məqamlar açıqlandı. Sizin bu sahənin mütəxəssisi kimi ilkin proqnozlarınız nədən ibarətdir?

- Naxçıvanın gələcək inkişafında kənd təsərrüfatı da mühüm istiqamət kimi müəyyənləşdirilib. Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvan üçün xüsusi tədbirlərin nəzərdə tutulması muxtar respublikada aqrar sektorun imkanlarının genişləndirilməsinə xidmət edir.

Suvarma layihələrinin həyata keçirilməsi, yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin quraşdırılması hesabına hazırda suvarılmayan torpaqların əkin dövriyyəsinə cəlb olunması planlaşdırılır.

- Prezident İlham Əliyevin müsahibəsində Naxçıvanın gələcək inkişafı ilə bağlı ən mühüm siyasi və institusional mesajlardan biri idarəetmə modelinin təkmilləşdirilməsi ilə bağlı olub…

- Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni idarəetmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağını bildirib. Prezidentin xüsusi nümayəndəliyinin Naxçıvanda fəaliyyətə başlaması struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni zamanda, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi regionlararası iqtisadi, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının səsləndirdiyi mesajların ümumi mahiyyəti ondan ibarətdir ki, Naxçıvanın inkişafı sistemli, uzunmüddətli və kompleks xarakter daşıyacaq.