BAKI, 6 iyul. TELEQRAF

Politoloq Zərdüşt Əlizadə Teleqraf-a Rusiya-Ukrayna müharibəsi fonunda baş verənlərdən, qlobal miqyasda bu münaqişənin yaratdığı təsirlərdən danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Rusiya-Ukrayna müharibəsinə baş verən “U” dönüşü nədən ibarətdir? Müharibə artıq Rusiya ərazisinə keçib, Ukrayna tərəfi davamlı olaraq hərbi və strateji obyektləri vurmaqla Kremli çaş-baş qoyur. Baş verənlər müharibənin gedişinə necə təsir edə bilər?

- Müharibənin öz məntiqi var. Çünki tərəflər bir-birinə ziyan vuranda müharibədən əvvəlki əxlaqı, məntiqi saxlamağa çalışır. Bu halda beynəlxalq qanunlara, Cenevrə prinsiplərinə mümkün qədər riayət olunur. Lakin müharibənin gedişi dərinləşdikcə, tərəflərin imkanları məhdudlaşdıqca artıq burada əxlaq yaddan çıxır. Belə olan halda müharibə qanunları pozulur. Bu kontekstdə Rusiya geniş tərzdə Ukrayna ərazisindəki mülki obyektlərə, insanlara qarşı hücumlar təşkil edir. Sözsüz ki, bu çarəsizlikdən, gücsüzlükdən qaynaqlanan bir haldır. Ukrayna isə Qərbin dəstəyi ilə özünün dron istehsalı sənayesini inkişaf etdirib ki, bununla hətta 2 min km dərinlikdə Rusiya ərazisindəki hərbi və strateji obyektlərə zərbələr endirir.

- İndiki halda tərəflərin müharibəni davam etdirmək imkanlarını necə dəyərləndirmək olar?

- Artıq hər iki tərəf üçün dözülməz bir vəziyyət yaranıb. Rusiya və Ukrayna 4 ildən artıqdır ki, davam edən bu müharibədə böyük itkilər verib. Bu da artıq ağrılı bir vəziyyət yaradıb. Təsəvvür edin ki, özünün enerji ehtiyatlarını dünyaya satan Rusiya indi kənardan benzin və digər yanacaq məhsullarını belə almaqla məşğuldur.

- Bu cür vəziyyət Rusiyada daxili proseslərə necə təsir edə bilər?

- Dünənə qədər müharibəni sanki qonşu ölkədə gedən bir proses kimi hiss edən rus xalqı indiki halda itkiləri özündə hiss etməyə başlayır. Yanacaqdoldurma stansiyalarında, yaşayış binalarında, müxtəlif məişət və istehsalat obyektlərində insanların etiraz səsləri eşidilir. Bir növ Rusiya Prezidenti Vladimir Putinə qarşı da cəmiyyətdən “müharibədən artıq doymuşuq” mesajları gəlir.

- Ümumilikdə Rusiya cəmiyyətinin Ukrayna ilə davam edən müharibəyə yanaşması nədən ibarətdir?

- Müharibə təzə başlayanda Rusiya cəmiyyətindən ukraynalılara nifrət mesajları daha çox eşidilirdi. İndi isə ruslar müharibənin başa çatmasını istəyir. Ukrayna xalqı da müharibədən doyub.

- Bu halda müharibəni hansı şərtlərlə başa çatdırmaq mümkündür?

- Tərəflərdən biri artıq özünü məğlub tərəf göstərmədən, biruzə vermədən müharibəyə son qoymağa çalışır. Bu alınacaq-alınmayacaq sonrakı prosesdə bilinəcək. Amma nə qədər tez alınacaqsa, tərəflərin itkiləri az olacaq. İlkin məlumatlara görə, bu müharibə nəticəsində 2 milyondan artıq insan həlak olub və xəsarət alıb. Bu xırda rəqəm deyil. Hətta iddia edilir ki, bunun 1 milyon 300 mini Rusiyanın, 700 mini isə Ukraynanın payına düşür. Sözsüz ki, bu hər iki tərəf üçün böyük itkidir.

- Müharibəni artıq öz ərazisində hiss edən Rusiya bundan sonra hansı addımları ata bilər? Bir çoxları Kremlin nüvə silahına əl atacağı ehtimalını gündəmə gətirir. Bu nə dərəcədə realdır?

- Faktiki olaraq, bu gün Avropadan dəstək alan Ukrayna müharibədə Rusiyaya qarşı müqaviməti gücləndirir. Bu halda Rusiya üçün yeganə yol nüvə silahından istifadə etmək qalır.

- Nüvə silahından istifadənin nəticəsi ilə bağlı proqnozlar necədir? Beynəlxalq birliyin buna reaksiyası necə olacaq?

- Nüvə silahından istifadə Rusiya Prezidenti Vladimir Putinin sonu deməkdir. Çünki o vaxtı çatdıqda vəzifəsini itirdikdən sonra mütləq həbs ediləcək. Ona görə də müharibəni davam etdirir.

- Ukrayna itirilmiş ərazilər müqabilində müharibənin dayandırlmasına hansı şərtlərlə razı ola bilər?

- Müharibənin başa çatması ehtimalı azdır. Sadəcə olaraq, tərəflər müvəqqəti olaraq atəşkəsə gedə bilər. Rusiya və Ukrayna əldə ediləcək atəşkəsdən sonra bir qədər özünə gəlib yenidən müharibəyə başlayacaq. Ona görə də indiki cəbhə xətti boyunca müharibənin müvəqqəti olaraq dayandırılması ehtimalı çoxdur. Daha sonra isə Ukrayna Qərbin hərtərəfli yardımı ilə yenidən müharibəyə başlayacaq. Rusiya isə işğal siyasətinə görə beynəlxalq birliyin sanksiyaları fonunda tənəzzülə uğrayacaq.