BAKI, 12 may. TELEQRAF

Çox sayda istedadlı azərbaycanlı gəncin istər dövlət proqramı, istərsə də bizim “Chevening” təqaüd proqramımız vasitəsilə Böyük Britaniya universitetlərini seçməsindən qürur duyuram.

Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Səfir təhsil sahəsinin fəaliyyətində hər zaman prioritet olduğunu vurğulayaraq bildirib:

“Çox sayda istedadlı azərbaycanlı gəncin istər dövlət proqramı, istərsə də bizim “Chevening” təqaüd proqramımız vasitəsilə Böyük Britaniya universitetlərini seçməsindən qürur duyuram. Britaniyada təhsil alıb qayıdan yüzlərlə məzunla görüşmüşəm və onların həyatını dəyişən təcrübələrini dinləmişəm”.

Diplomat Vorvik Universiteti (University of Warwick) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasındakı bərpa olunan enerji üzrə ilk magistr ikili diplom proqramını xüsusi qeyd edib:

“İlk məzunlar iki həftə əvvəl diplomlarını aldılar. Eyni zamanda, British Council hər il Azərbaycanda minlərlə ingilis dili müəlliminə və öyrənəninə dəstək göstərir. Biz Azərbaycan universitetlərinin potensialını artıraraq tələbələrin xaricə getmədən beynəlxalq təhsil almasına kömək edirik”.