BAKI, 12 may. TELEQRAF

COP29 Azərbaycan üçün tarixi nailiyyət oldu.

Teleqraf xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Diplomat Azərbaycandakı dördillik fəaliyyəti dövründə ən qürurverici məqamın COP29 konfransı olduğunu vurğulayıb:

“Bakı indiyə qədərki ən böyük tədbirinə ev sahibliyi etdi. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə iqlim dəyişikliyi ilə mübarizə kimi qlobal bir məsələdə danışıqları mükəmməl şəkildə idarə etdi. Britaniya bu prosesdə Azərbaycanın yanında olmaqdan məmnunluq duydu”.

Səfir ikitərəfli əlaqələrdəki tarixi ilklərə də diqqət çəkib:

“Kir Starmer Azərbaycana səfər edən ilk Britaniya Baş naziri oldu. Konfransın davam etdiyi iki həftə ərzində yeddi britaniyalı nazir də Bakıya gəldi. Biz danışıqlarda iqlim maliyyəsi üzrə mühüm qələbələr qazandıq. Ötən müddət ərzində Böyük Britaniya və Azərbaycan qarşılıqlı təhlükəsizlik və rifahı gücləndirərək bu mürəkkəb mənzərədə birgə addımlayıblar”.