BAKI, 16 yanvar. TELEQRAF
“Hazırkı dövrdə ən böyük ehtiyac beynəlxalq ictimaiyyətin azlıqlara çevrilmiş icmaların yanında dayanmasıdır”.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyada fəaliyyət göstərən xeyriyyə təşkilatının nümayəndəsi Avanvi Siqh Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu azlıqlar təkcə Hindistanda deyil, dünyanın müxtəlif yerlərində mövcuddur:
“Ona görə də beynəlxalq ictimaiyyətin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Harada olmağımızdan asılı olmayaraq, istər media, istərsə də başqa platformalarda səsimizi hamıya çatdırmalıyıq”.
Nümayəndə vurğulayıb ki, Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə keçirilən konfrans çox müsbət qarşılanır və zəruridir:
“Bu, bizə açıq dialoq üçün bir məkan yaradır. Düşünürəm ki, siz Bakıda ilk dəfədir ki, bizim tariximiz, keçmişimiz və mübarizələrimizlə bu şəkildə tanış olursunuz. Ona görə də bu cür tədbirlərin dünyanın digər şəhərlərində də keçirilməsi vacibdir”.