BAKI, 14 yanvar. TELEQRAF
Azərbaycan xaricdəki mədəni sərvətlərinin geri qaytarılması üçün mexanizm yaradır.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında Azərbaycanın dünyadakı mədəni izinin araşdırılması prioritet istiqamət kimi müəyyən edilib.
Sənədə əsasən, Azərbaycan mənşəli mədəni irs nümunələrinin və mədəni sərvətlərin yerləşmə xəritəsinin hazırlanması nəzərdə tutulur. Həmin nümunələrin tədqiqi və atribusiyası (mənsubiyyətinin dəqiqləşdirilməsi) aparılacaq, mümkün olduğu hallarda isə restitusiyası və geri qaytarılması ilə bağlı məsələlər sistemli şəkildə həll ediləcək.
Qeyd olunur ki, bu məqsədlə qurumlararası əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır. Komissiya xaricdə saxlanılan Azərbaycan mənşəli mədəni sərvətlərin müəyyənləşdirilməsi, tanıdılması və hüquqi mexanizmlər çərçivəsində geri qaytarılması istiqamətində fəaliyyət göstərəcək.