​BAKI, 26 may. TELEQRAF

"Fransa bu gün irqçiliyin yayıldığı ölkələrdən biridir. İslamofobiya həm xarici, həm də daxili siyasətdə özünü göstərir".

Teleqraf xəbər verir ki, bunu fransalı jurnalist, geopolitoloq və yazıçı Jan Mişel Brun “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın "İslamofobiya Media və Rəqəmsal Platformalarda: Süni İntellekt Sistemləri İslamofob fikirləri necə tətbiq edib gücləndirə bilər" panel müzakirəsində deyib.

"Bu gün siyasətçilər media vasitəsilə nifrət dolu fikirlərini cəmiyyətə ötürürlər. Mətbuatda yayımlanan yazılarda müsəlmanlar tez-tez təhlükə kimi qələmə verilir.

Bunun bir nümunəsini biz Qarabağ müharibəsi zamanı da gördük. Fransanın mətbuatında Azərbaycan haqqında yayımlanan başlıqlar birtərəfli və qərəzli idi. Bu, ədalət prinsipinə zidd bir yanaşma idi. Təəssüf ki, müsəlmanlar tez-tez terrorçu və ya şübhəli insan kimi təqdim olunur və bu təbliğat əsasən media vasitəsilə aparılır".

Jan Mişel Brun qeyd edib ki, Fransada müsəlmanlar say baxımından əhali arasında ilk sıralarda yer alsalar da, hüquq və maraqlarını yetərincə müdafiə edə bilmirlər. Əksinə, ermənilər sayca az olmalarına baxmayaraq, ictimai və siyasi müstəvidə öz maraqlarını çox yaxşı şəkildə müdafiə edə bilirlər.

"Bu fərqin əsas səbəblərindən biri informasiya vasitələrində təmsilçilik məsələsidir. Müsəlmanların səsləri mediada yetərincə eşidilmir və ya qərəzli şəkildə əks etdirilir. Məhz buna görə bizə güclü və obyektiv media qurumları lazımdır ki, bu problemləri işıqlandırsın, haqsızlıqlara qarşı çıxış etsin və ictimai rəy formalaşdırsın.

Belə bir medianın yaradılması üçün həm maliyyə, həm də təşkilatlanma baxımından dəstək və birlik vacibdir. Yalnız bu yolla müsəlman icmasının səsi ədalətli şəkildə eşidilə bilər".