Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Avropa Birliyi-Azərbaycan münasibətlərində yeni dönəm başlayır. Əlaqələrin bu səviyyədə inkişafı Azərbaycan üçün nə vəd edir? Bu günə qədər Azərbaycana qarşı bir çox hallarda qərəzli mövqe sərgiləyən Avropa Parlamenti və digər Avropa qrumlarınının bundan sonrakı davranışlarında hansı korrektələrin olacağı gözlənilir?
- Əlində Avropadan Azərbaycana olan münasibətin kökündən dəyişməsi gözlənilmir. Çünki hər zaman münasibətlərdə biz ikili standartları müşahidə etmişik. Bu yanaşmalar Vətən Müharibəsi zamanı və ondan öncə də özünü göstərirdi.
Çox təəsüflər olsun ki, biz müharibədən sonra da bu münasibəti müşahidə etdik. Sadəcə olaraq indi vəziyyət fərqlidir. Avropanın enerjiyə olan tələbatı məsələsində Azərbaycanın hazırlıqlı davranması diqqəti cəlb edir. Artıq belə bir enerji xətti mövcuddur. Bu mənada Azərbaycan enerji layihəsinin icrası nəticəsində onun iqtisadi səmərəsini görəcək.
Burada Azərbaycanın bir çox siyasi dividentlər almaq imkanları da var. İmzalanan sənəd də göstərir ki, Avropa Parlamentində olan ermənipərəst əhval-ruhiyyə və ikili standartların qarşısını almaq üçün Azərbaycanın daha geniş imkanları formalaşır. Sözsüz ki, Avropa Birliyi ilə imzalanan qaz layihəsinin iqtisadi üstünlükləri daha böyükdür.
- Qarabağla bağlı 10 noyabr razılaşmasının icrası vəziyyəti ilə bağlı Azərbaycanın narazılığı fonunda dövlət başçısının dilə gətirdiyi məsələlər var. Erməni tərəfi isə sentyabra qədər öhdəliklərin icrasınını təmin edəcəyini açıqlayıb. Belə olan halda, sizcə, diplomatik təzyiq imkanları ilə prosesi hansı səviyyəyə qədər irəlilətmək mümkündür?
- Azərbaycan artıq siyasi-diplomatik təzyiqləri gücləndirib. Bir çox hallarda Rusiyanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq istəyi də müşahidə edilir. Bu, Tehrandakı Türkiyə, Rusiya və İran arasında üçtərəfli görüşdə də hiss olunurdu. İkitərəfli görüşlərdə də bu məsələ aktual idi. Azərbaycan üçün bu cür təzyiqlər yeni bir imkanlar yaradır.
Fikrimcə, Ermənistana edilən təzyiq öz nəticəsini verəcək. Çünki ilk növbədə onların səsləndirdikləri sərsəm bəyanatların özləri üçün nə dərəcədə ziyanlı olduğunu anlayırlar. Ona görə də, Ermənistan tərəfi çalışacaq ki, maksimum dərəcədə səsləndirdikləri yanlış bəyanata düzəliş etsin. Amma bu hallara qarşı Azərbaycan adekvat tədbirlər kimi yeni Laçın yolunda öz postunu qurmalıdır. Bununla da bölgədə nəzarət tam güclənmiş olacaq.
Məntiq də sübut edir ki, sülhməramlılar buradadırsa, həmin yerdə yaşayan ermənilərin təhlükəsizlik məsələsi yoxdur. Sadəcə, anlaşılmayan hal odur ki, sülhməramlılarla yanaşı erməni silahlıları burada hansı halda təhlükəsizliyə xidmət edir? Bu, Ermənistandan gəlmiş və Azərbaycan Konstitusiyasına zidd olaraq onun ərazisində olan qanunsuz hərbi birləşmələrə də aiddir.
- Belə olan halda Azərbaycanın sülhməramlılardan konkret tələbi nədən ibarət ola bilər?
- Azərbaycan tərəfi sülhməramlılardan tələb edilməlidir ki, onlar bizə qrafik versin. Bu qrafik oaradkı qanunsuz silahlıların nə vaxt ərazidən çıxarılması ilə bağlı olmalıdır. Bu məsələlər sülhməramlılar qarşısında qəti qoyulmalıdır. Çünki indi şərait bizim xeyrimizədir. Ona görə də, maksimum dərəcədə təzyiq etməliyik.
- Tehran görüşündən bir çox gözlənilər var idi. Nəticələrlə gözləntilər nə dərəcədə uyğunluq təşkil edir?
- Əslində burada yaxşı bir hal baş verdi ki, Azərbaycan Tehran görüşündə (Türkiyə-Rusiya-İran) olmaya-olmaya ölkəmizlə bağlı məsələlər gündəmdə oldu. Tehran görüşündə Zəngəzur dəhlizi məsələsi tək Türkiyə deyil, həmçinin Rusiya tərəfindən də səsləndi. Orada İranın da xeyrinin olacağı vurğulandı.
Amma görünür, İran siyasi elitasında müxtəlif qanadlar var ki, onlar bu layihəyə qarşı çıxır. Əslində bu heç də ilk addım deyil. Bir il öncə Azərbaycan sərhədlərində İranın hərbi təlimlərini heç kəs unutmayıb. Ona görə də, Xamaneyinin “tvitteri” əslində bir daha bizim üçün aydınlaşdırdı ki, bu görüşdə Zəngəzur məsələsi müzakirə edilib.
Digər tərəfdən İnqilab Keşikçiləri Korpusu Xamaneyiyə əsas dəstək verən qurum kimi önə çıxır. Yayılan həmin “tvit” o qüvvələr tərəfindən təşkil edilmişdi. Əslində bu çox bisavad bir yazı idi. Çünki 1920-ci ildə burada formalaşmış bir sərhədi “min illərlə” ölçmək absurd bir yanaşmadır. Bu çox gülməli və o səviyyədə olan adama yaraşmayan bir fikirdir.
- Rusiyanın Zəngəzur dəhlizi məsələsində ortaya çıxan yanaşmasını proseslərə nə dərəcədə adekvat saymaq olar?
- Rusiya öz xeyri üçün bu layihəni dəstəkləyir. Çünki qısa müddətdə dəmir yolu bağlantısı üçün Zəngəzur layihəsi mütləq dərəcədə Rusiyaya lazımdır. Buna qarşı çıxan radikal İran qüvvələri ilə yanaşı Qərbin də cəhdlərini görürük.
Bu günlərdə Ermənistana gözlənilmədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin səfəri də bunu təsdiqləyə bilər. ABŞ-ın İrana qarşı aparılan işin cücərtiləri məhz İrəvandan görünür. Hazırda dünyada ABŞ-ın ən böyük səfirliklərindən biri İrəvanda yerləşir. Bəllidir ki, bu boyda səfirlik Ermənistana lazım deyil. Oradakı bütün işlər məhz İrana qarşıdır.
Amma çox Qəribədir ki, İranın və Qərbin bəzi dairələri Zəngəzur dəhlizinə qarşı eyni mövqedən çıxış edir. Vətən müharibəsindən sonra da Zəngəzur dəhlizini ABŞ-ın və İranın səfirləri “ziyarət” edib. Ona görə də, bu məsələlərlə bağlı yanaşmalar bəllidir.
Amma ümumilikdə Zəngəzur dəhlizinin reallaşması üçün böyük qüvvələrin maraqları üst-üstə düşür. Azərbaycan, Türkiyə, Rusiya bu məsələdə eyni mövqedədir. İran daxilində isə fikirlər müxtəlifdir. Çünki İran dövlətinin maraqları əsas götürülsə, onlar da bunun iqtisadi imkanlarından, tranzit əlaqələrindən yararlanmaq niyyətindədir.