Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, son zamanlar Cənubi Qafqazda mövqe savaşının getdiyini görməkdəyik. Qərbin, yaxud Türkiyə və Rusiyanın burada dominantlığı ələ almaq imkanları haqqında hansı yanaşmalar var?
- Bu məsələdə dominant iki ölkədir. Bunlar Türkiyə və Rusiyadır. Çünki bəzən təhlilçilər bu barədə danışanda vacib məsələləri yaddan çıxarır. Amma Türkiyə bu prosesdədir. Bölgədə baş verən hadisələrin bir çoxu Azərbaycan, Türkiyə və Rusiya arasında olan razılıqlar əsasında reallaşır. Bunu sübut etmək o qədər də çətin deyil. Daimi olaraq bir çox mövzularla yanaşı Türkiyə-Rusiya danışıqlarında həm də Qarabağ mövzusu var. Bu baxımdan Qərbin gedən proseslərdə fəal yer almağa çalışması nisbidir. İlk növbədə bu, Fransa tərəfindən atılan addımlarda özünü göstərir. ABŞ üçün bu o qədər də önəmli bir mövzu deyil. Fransanın isə burada fəallığı seçkilərlə bağlıdır. Eyni zamanda Avropa İttifaqı, Almaniya və Fransa arasında olan rəqabət də xarici siyasətdə özünü açıq şəkildə göstərir.
Məqsəd isə Avropa İttifaqı məkanında dominantlığı ələ almaqdan ibarətdir. Buna namizəd olanlar isə Fransa və Almaniyadır. Ona görə də, Qərbin proseslərdəki fəaliyyəti məhz bununla izah oluna bilər. Amma Fransa da yaxşı başa düşür ki, onun bu bölgədə olması üçün imkanları geniş deyil. Bölgədə Fransanın fəaliyyətinin daha aktiv olması Rusiya ilə əməkdaşlığa bağlamağa çalışır. Bu yaxınlarda Emmanuel Makronun verdiyi bəyanat məhz onu ehtiva edirdi ki, Türkiyə və Rusiya ilə Avropa olaraq təzə bir siyasət qurulmalıdır. Ona görə də, burada bir çox proseslər mövcuddur.
- Türkiyə faktoru bölgədə hansı prinsiplərə istinadı tələb edir?
- Almaniya-Fransa ədavəti, Avropa-ABŞ arasında olan problemlər, Qərbin Türkiyə və təbii olaraq Rusiyaya olan münasibəti özünü açıq şəkildə göstərir. Bu baxımdan bizim bölgəyə olan yanaşmalar nisbi və görüntü yaratmaq üçün edilən cəhdlərdir. Burada heç bir rəqabətdən söhbət gedə bilməz. Çünki digər proseslər daha önəmli hesab edilir. Amma bu bölgədə Türkiyə və Rusiya dominantlığı balansı dəyişir. Görünən odur ki, addım-addım Ukrayna böhranı müstəvisində Rusiyanın imkanları tükənir və zəifləyir. Bunun əvəzinə isə bölgədə hakim mövqeyə Türkiyə yüksələcək. Görünən proseslər məhz buna dəlalət edir.
- Ermənistan parlamentində verilən bəyanatları mahiyyəti üzrə təhlil etsək, əsas hədəfin nədən ibarət olduğu qənaəti yaranar?
- Ermənistanda verilən yeni bəyanatlar onu göstərir ki, onlar da özləri üçün olan perspektivi aydın görür. Maksimum şəkildə tələsirlər ki, Rusiya bu bölgədən getməzdən qabaq Azərbaycan və Türkiyə ilə olan problemlərin əsas hissəsini həll etsinlər. Son açıqlamalar da bu istiqamətdə edilən səylər kimi izah olunmalıdır.
- Manevr imkanları hansı istiqamətdə davam edəcək?
- Çalışırlar Ermənistanın gündəmindən Qarabağ mövzusunu ayırsınlar. Bu belə olsa, onlar Azərbaycanla Türkiyə ilə olan məsələlərin həllinə nail ola bilərlər. Amma Qarabağ mövzsunun Ermənistandan ayrılmasında məqsədləri odur ki, hansısa irəliləyişə nail olduqdan sonra bu məsələni yenidən gündəmə gətirsinlər. Taktiki gediş məhz bundan ibarətdir.
- Paşinyanın Qarabağın “statusu” məsələsində beynəlxalq təşkilatların tələbi ilə Ermənistanın “planka”nı bir qədər azaltmaq məsələsinə necə aydınlıq gətirmək olar?
- Ermənilər fikirləşirlər ki, əgər Ermənistanın siyasi gündəmindən Qarabağ məsələsini ayırsalar, ölkənin Azərbaycan və Türkiyə ilə problemlərini həll etmək asan olacaq. Ümumilikdə isə onlar Qarabağ mövzusunu saxlamaq istəyirlər. Yəni bu mərhələni keçəndən sonra yenidən öz ambisiyalarını ortaya atmağı düşünürlər. Planları da odur ki, qarşılıqlı olaraq Azərbaycan və Türkiyənin ərazi bütövlüyü tanınır. Məhz bundan sonra isə onlar Qarabağ mövzusunu ərazi məsələsi kimi yox, “insan hüquqları”, “xalqların öz müqqədəratını” təyin etmə prinsipləri səviyyəsində gündəmə gətirməyi planlaşdırırlar.
- Erməni tərəfi üçün Azərbaycanın hansı tələbi daha çox narahatlıq yaradır?
- Onları narahat edən Azərbacanın etdiyi mühüm gedişlərdir. Azərbaycana qarşı hansısa iddialar qalacaqsa, bu əsas verəcək ki, Zəngəzur məsələsi gündəmə gətirilsin. Ermənilər də bundan çox qorxurlar. Bunun qarşısını almaq üçün də qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq prinsipini gündəmdə saxlamağa çalışırlar. Amma bu vəziyyətə nail olduqdan sonra Qarabağ mövzusunu gündəmə gətirməyi düşünürlər. Bu mənada ermənilərin etmək istədiyi gedişlər məhz budur.