Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, son zamanlar Qərb təşkilatları, Avropa və ABŞ Azərbaycanla daha sıx təmaslar yaradır. Bu hansı amillərdən qaynaqlanır?

- Burada bir çox mövzular var idi. Qərb ölkələri Rusiya ilə qarşıdurma vəziyyətindən çıxış edib təzyiq göstərməyə çalışır. Çünki yaxın zamanda Rusiyanın qaz ixracı da sanksiya altına düşəcək. Bu baxımdan Azərbaycanın qaz ixrac imkanları ilə bunu əvəzləməyə çalışırlar. Eyni zamanda Türkiyə-Rusiya tandemini də burada əvəzləmək niyyəti var. Amma Azərbaycan sözsüz ki, buna imkan verməyəcək. Gözlənilən də o idi. Amma indiki mərhələdə prosesin gedişində ciddi fərq var.

- Brüssel platformasının təsir imkanları proseslərin gedişində nə dərəcədə önəmli görünür?

- Bu formatın Avropa İttifaqı tərəfindən təklifi diqqət çəkəndir. Çünki Qarabağ və Azərbaycanla Ermənistan mövzusunda Türkiyə-Rusiya mövqeyi mövcuddur. Hətta Vətən müharibəsindən sonra bu məsələ iki dövlət üçün açıq prioritet olub. Avropa istəyir ki, bu məsələdə özünə hansısa bir yer tapsın. Azərbaycan da bu istəkdən qaçmır. Amma ölkəmizin istəyi odur ki, ilk növbədə bölgədə iqtisadi cəhətdən dirçəlişə nail olunsun. Həmçinin bu porosesdə Avropa qurumlarının da iştirakı təmin edilsin. Bu baxımdan Avropanın burada bir sıra iqtisadi məsələləri maliyyələşdirməsi əsas amil kimi qoyulur. Ona görə də mövcud proseslər qarşılıqlı maraq müstəvisində inkişaf edir. Təbii ki, Avropa təşkilatları bu istiqamətdə bölgədə siyasi mövqelərini də gücləndirməyə çalışır.

- Avropa İttifaqının fəallığı nə ilə bağlıdır?

- Avropa İttifaqına indi Fransa sədrlik edir. "Brexit"dən və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra xarici siyasətdə Fransa liderliyi ələ almağa çalışır. Burada Emmanuel Makronun ambissiyaları daha çox önə çıxır. Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində E.Makron çalışır erməni seçicilər üçün müəyyən səylər göstərsin. Amma seçkilərdən sonra Avropanın Cənubi Qafqaza olan marağı kəskin şəkildə azalacaq. Çünki Avropa İttifaqının potensialı və istəyi Cənubi Qafqazla məşğul olmağa imkan vermir. Əslində Cənubi Qafqazda indi ayrı proseslər baş verir. Rusiya-Ukrayna müharibəsi fonunda burada mövqelərin güclənməsi prosesi gedir. Bu halda Avropa siyasəti burada tək Rusiya ilə deyil Türkiyə ilə də rəqabətə məruz qalacaq. Onlar yaxşı başa düşürlər ki, seçim olacağı təqdirdə Azərbaycan söz sahibi olaraq Türkiyəyə üstünlük verəcək.

- Paşinyan Brüsselə ümidlərlə getmişdi. Dünən baş tutan Brüssel görüşünün nəticəsini necə qiymətləndirirsiniz?

- Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkəmizin daxili işlərinə müdaxilə mümkün deyil. Ermənistanın, Fransanın və Rusiyanın nə təklif etməsi bunlar ikinci dərəcəli mövzulardır. Onlar təklif edə bilər. Amma Azərbaycan ərazisində münaqişə bitib. İndi biz reinteqrasiya prosesi aparırıq. Azərbaycan açıq şəkildə bəyan edib ki, dinc erməni əsilli insanları öz vətəndaşı kimi qəbul etməyə hazırdır. Bununla bağlı Azərbaycanın mövqeyi formalaşıb. Bunu dəyişməyə kiminsə nə ixrtiyarı, nə də gücü yoxdur. Eyni zamanda indiki mərhələdə bölgədən uzaq ölkələr burada münaqişə ocaqları yaratmaq istəyi ilə idarəetmə mexanizmi yaratmağa cəhd edir. Bundan da bizə qarşı təsir kimi yararlanmağa çalışırlar. Azərbaycanın da marağı odur ki, bu mövzu ətrafında müzakirələr birdəfəlik bitsin. Bu gün bizim ərazimizdə hələ də yaşayan ermənilərin də istəyi odur ki, yeni bir qarşıdurma olmasın. Qarşı tərəf yaxşı başa düşür ki, Azərbaycan öz mövqeyindən dönən deyil. Düşünürlər ki, yeni müharibə şəraitində onların köməyinə heç kim gəlməyəcək. Ermənilər də görür ki, siyasi oyunbazlar onları təzə qarşıdurmaya çəkir. Onlar itki verməkdən xilas olmaq üçün ərazini tərk etməyə çalışırlar. Bu baxımdan ərazidə yaşayanların sayı da durmadan azalır.

- Erməni tərəfinin istəyi nədir?

- Ermənistan siyasi rəhbərliyinin istəyi odur ki, orada yaşayanlar üçün “siyasi” bir əsas formalaşsın. İndiki qarşıdurma yolunda onlara imkan verilməyəcək. Sülh şəraitində burada yaşayanlara sözsüz ki, hər cür imkanlar yaradılacaq. “Status”, "muxtariyət" kimi məsələlər boş, mənasız söhbətlərdir. Bunlar çalışır ki, gələcəkdə Azərbaycan üçün problemlər yaratmaq nail olsunlar.