Azərbaycan Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı, “Microsoft Azerbaijan” şirkəti və “Nar Mobile” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turunun başlanmasını elan ediblər. “Microsoft Azerbaijan” şirkətindən bildirilib ki, “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Milli seçim turu aprelin 23-dək davam edəcək. Müsabiqədə iştirak etmək üçün istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun, “Microsoft” platforması üzərində innovativ proqram layihəsi və ya “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq lazımdır.Müsabiqədə ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar “Oyunlar”, “İnnovasiya” və “Dünya vətəndaşlığı” kateqoriyaları üzrə iştirak edə bilərlər.

Hər komanda eyni və ya müxtəlif universitetlərin 4 tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır. Milli seçim turunun hər bir nominasiyasının qalibi ikinci turda – cari ilin may ayında onlayn keçiriləcək beynəlxalq yarımfinalda iştirak edəcək. Yarımfinalda qalib gələn komanda “Microsoft Imagine Cup” müsabiqəsinin yekun turunda – bu ilin iyul ayında Sietl şəhərində keçiriləcək finalında Azərbaycanı təmsil edə biləcək. Sonda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq.