BAKI, 9 iyun. TELEQRAF

"Hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 8,9% azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki kənarlaşma izlənib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatı üzrə əksər bölmələrdə artım qeydə alınıb:

“Əvvəlki ildən fərqli olaraq, vahid büdcə təsnifatında xərclərin iqtisadi təsnifatına yeni əlavə edilmiş bölmə, Hesablama Palatasının da tövsiyəsi nəzərə alınmaqla, icra prosesində diqqətdə saxlanmış, bununla da xərc icra edilmiş bölmələrin sayı artaraq 10-a yüksəlib.
2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən, icra edilmiş dövlət büdcəsində cari xərclər 22,1 mlrd. manat, əsaslı xərclər 14,4 mlrd. manat, dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri isə 2,1 mlrd. manat göstərilib.

Hesabat ilində cari və əsaslı xərclər, eləcə də dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin tərkib elementləri ilə bağlı “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər edilib. Hesablama Palatasının əvvəlki rəylərində bu istiqamətdə şərh etdiyi məqamların aradan qaldırılmasını müsbət qiymətləndiririk.

Cari və əsaslı xərclərin bəzi makrofiskal göstəricilərin də (məsələn, cari xərclərin qeyri neft-qaz gəlirlərin hesabına təmin olunması səviyyəsi və ya əsas kapitala investisiyaların məbləği və s.) hesablanmasında iştirak etdiyini nəzərə alaraq, praktikada bu istiqamətdə hələ də təkmilləşdirmələrə zərurətin olduğu qənaətindəyik.

Belə ki, apardığımız təhlillər cari və əsaslı xərclər üzrə ümumilikdə illik Hesabatda 164,0 mln. manat məbləğində təhrifin olduğunu deməyə imkan verir.
- Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, Bloklanmış xərclər 8751,8 mln. manat olmaqla təsdiq edilmiş büdcə xərclərinin 21,1%-ni təşkil edib. Bu xərclərin 7561,4 mln. manatı icra edilmiş, təhlillər bu istiqamətdə icrasız qalan 451,2 mln. manat xərcin 276,7 mln. manatının qurumların smeta qalığından, 174,5 mln. manatının isə bölgüsü aparılmayan xərclərdən ibarət olduğunu göstərib.

Hesablama Palatasının əvvəlki rəylərində qeyd edildiyi kimi, bölüşdürülməmiş xərclərin istifadə istiqamətlərinin konkretləşdirilməməsi xərc istiqamətlərindən istiqamətin adına uyğun olmayan xərclər icra edilib.

Qeyd edək ki, qonşu ölkələr üzrə büdcə qanunvericiliyin təhlili bölüşdürülməmiş xərclərlə bağlı tənzimlənmənin müəyyən edildiyini, burada həmin xərclər üzrə limit tələbinin təsbit olunduğunu göstərir.
- Təhlillər bəzi hallarda eyni adlı Strategiya tədbirlərinin maliyyələşdirilməsində iştirak edən xərc istiqamətləri üzrə fərqli yanaşmanın tətbiq edildiyini göstərmişdir. Belə ki, seçmə qaydada aparılan təhlillər qurumlar tərəfindən təqdim olunmuş məlumatlarla büdcə sənədləşməsində əks etdirilmiş Strategiyanın tədbirləri üzrə məbləğlərin fərqləndiyini deməyə əsas vermişdir. Bununla da Strategiya məbləğinin təxminən 160,0 mln. manatdan çox dəqiqləşdirilməli olduğunu deməyə əsas verib.

- Aparılan təhlillər İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ayrılan vəsaitin məbləğinin də illik Hesabatda dəqiqləşdirilməli olduğunu göstərir. İllik hesabatda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 4454,9 mln. manat icra edildiyi göstərilib. Lakin hesablamalarımız bunun 60,0 mln. manatdan daha çox olduğunu qeyd etmək imkanı verir.

- Dövlət büdcəsinin icrasına dair təqdim edilmiş hesabatlarda 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində həyata keçirilmiş dəyişikliklərin məbləği 3,7 mlrd. manat göstərilmişdir ki, bu da təsdiq olunmuş dövlət büdcəsi xərclərinin 8,9%-ni təşkil edir. Qeyd edim ki, bu, məbləğ 2024-cü il üzrə 2,4 mlrd. manata və ya təsdiq olunmuş dövlət büdcəsi xərclərinin 6,1%-nə bərabər idi”.

Palata sədri vurğulayıb ki, həyata keçirilmiş dəyişikliklər funksional təsnifatın bütün bölmələri üzrə təsdiq edilmiş məbləğlərin dəyişdirilməsi ilə nəticələnib: "3,7 mlrd. manat məbləğində dəyişikliklərin 1,8 mlrd. manatının hüquqi əsasını “Büdcə sistemi haqqında” Qanunun 18.4-cü və 19.6-cı maddələri təşkil edir.

- 2025-ci il ərzində debitor borclar 1,0 mlrd. manat və ya 17,0% artaraq 7,0 mlrd. manata çatmışdır. Debitor borclarda artımın qeydə alınması qurumlara ayrılan vəsaitlərdən minimum 1,0 mlrd. manatın faktiki xərcə çevrilmədiyini, başqa sözlə, dövlət büdcəsi xərclərinin kassa və faktiki icrası arasında fərqin genişləndiyini göstərir.

Hesabat ilində debitor borc müşahidə olunmuş xərc istiqamətləri üzrə qalıqların məbləği həmin istiqamətlər üzrə icra edilmiş büdcə xərclərinin 26,9%-ni təşkil etmiş, bu göstərici əvvəlki illə müqayisədə 3,2 faiz bəndi artıb.

- Hesabat dövründə dövlət borclanmasının hər üç komponenti - daxili və xarici dövlət borclanması, habelə dövlət zəmanətləri üzrə əməliyyatlar müəyyən edilmiş limitlər çərçivəsində icra olunub.

2025-ci ildə dövlət qiymətli kağızları portfelində qısamüddətli və ortamüddətli alətlərin payının azalması, uzunmüddətli istiqrazların payının isə artması müşahidə olunmuşdur ki, bu da daxili borc portfelinin orta müddətinin uzadılması və refinanslaşdırma riskinin azaldılması istiqamətində aparılan borc idarəetmə siyasətini əks etdirib.

Təminat Fonduna hesabat ili üzrə nəzərdə tutulmuş qrafikə əsasən Fonda 199,6 mln. manat qaytarılması olsa da, qaytarılmış vəsaitlər 21,3 mln. manat olmaqla 10,7% icra edilmişdir. 2025-ci il ərzində təkrar borc sazişləri üzrə proqnozun aşağı icrası bu mənbənin effektivliyində ciddi problemlərin mövcudluğunu göstərməkdədir”.