
BAKI, 24 fevral. TELEQRAF
"2025-ci il üzrə şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılması vacibdir".
Teleqraf xəbər verir ki, bunu general-polkovnik Zakir Həsənov ötən ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
Nazir söyləyib ki, şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.