BAKI, 20 fevral. TELEQRAF
"Azərbaycan Yazıçılar Birliyinin qurultayına qədər üzvlüklə bağlı müraciətlərin qəbulu dayandırılıb".
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Onun sözlərinə görə, növbəti qurultayın gələn il keçirilməsi nəzərdə tutulur və Birliyə yeni üzvlərin qəbulu qurultaydan sonra bərpa olunacaq: "Hazırda Birliyin 3 minə yaxın üzvü var".
Üzvlük haqlarının yığılması qaydası ilə bağlı suala cavabda AYB sədri bildirib ki, bunun üçün mühasibatlıq üzvlərlə əlaqə saxlayır: "Üzvlük haqqını ödəməyən şəxslərə məlumat verilir ki, bir ay ərzində ödəniş etməsələr, onların üzvlüyünə xitam veriləcək. Təcrübə göstərir ki, müraciətdən sonra əksər üzvlər ödənişi həyata keçirir. Ödəniş etməkdən boyun qaçıranlar isə Birliyin üzvlüyündən çıxarılır".
Anar Rzayev üzvlük haqqının ödənilməsi üçün bank hesabının açıldığını da deyib: "Ödənişlə bağlı ətraflı məlumat almaq və istiqamətləndirmə üçün AYB-nin mühasibatlıq şöbəsi ilə əlaqə saxlamaq xahiş olunur".