BAKI, 16 yanvar. TELEQRAF

"Azərbaycan" Nəşriyyatının binası təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırır, biz də binanı tərk etməliyik.

Bunu Teleqraf-a açıqlamasında binada yerləşən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, müvafiq xəbədarlıq onlara dekabrın sonundan edilibmiş: "Bu səbəbdən bizimlə icarədar olaraq iki aylıq müqavilə bağlanmışdı. Bildirilirdi ki, təmir işləri gözlənilir, buna görə illik müqavilə bağlanmayacaq".

Akif Aşırlı deyib ki, alternativ variant kimi "Şərq" qəzetinə Beynəlxalq Mətbuat Mərkəzində boş otaqlar təklif olunub: "Hələlik bu variant haqqında qəti qərar verməmişik. Mərkəzdə boş otaqların sayı məhduddur, digər mühüm amil qiymət fərqidir.

"Azərbaycan" Nəşriyyatında biz hər kvadrat metr üçün 5 manat 30 qəpik ödəyirdik. Beynəlxalq Mətbuat Mərkəzinə köçəcəyimiz halda isə qiymətlər tamamilə fərqli olacaq. Buna görə də büdcəmizi nəzərə alaraq qərar verəcəyik, ola bilər, kənarda ayrıca ofis tutaq".

Akif Aşırlı deyib ki, təmirin nə vaxt başa çatacağı barədə dəqiq məlumat yoxdur: "Bizim redaksiyanın əsas narahatlığı 2018-ci ildə "Azərbaycan" Nəşriyyatında yaratdığımız 250-yə yaxın eksponatdan ibarət Mətbuat Muzeyi ilə bağlıdır. Onun taleyinin necə olacağı hələlik bəlli deyil".

***
12:56

"Azərbaycan" Nəşriyyatının 9 mərtəbəli binasının təmirlə əlaqədar boşaldılacağı redaksiyalara və binada yerləşən digər icarədarlara daha əvvəl bildirilib. Sadəcə tarix dəqiqləşməmişdi.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Nəşriyyatı" MMC-dən məlumat verilib.

"İndi isə konkret qərar qəbul edildikdən sonra redaksiyalar rəsmən xəbərdar edildi. Onlar ofislərdən istifadə müqavilələrinə xitam verildiyi tarixdən, 31 yanvar 2026-cı ildən etibarən tutduqları sahələri mümkün qədər qısa müddətdə boşaltmalıdırlar.

Təmir müddətində redaksiyalar müvəqqəti olaraq alternativ ofislər tapmalıdırlar. “Azərbaycan Nəşriyyatı” öz tərəfindən bu məsələdə onlara imkan daxilində dəstək göstərməyə çalışacaq.

Təmirin müddəti görüləcək işlərin dəqiq həcmi, layihə-smeta sənədlərinin hazırlanması və maliyyələşmə prosesindən asılı olaraq müəyyən ediləcək", - deyə məlumatda qeyd edilib.