BAKI, 20 iyul. TELEQRAF

Məşhur rejissor Kristofer Nolanın növbəti böyük layihəsi olan “The Odyssey” filminin biletləri artıq satışa çıxarılıb.

Teleqraf-ın xəbərinə görə, kino tarixində ilk dəfədir ki, bir filmin biletləri nümayişinə düz bir il qalmış satışa təqdim olunur.

Filmin 17 iyul 2026-cı ildə nümayiş olunacağı gözlənilir.

“The Odyssey” IMAX 70 mm formatında nümayiş ediləcək və xüsusilə Şimali Amerikada bu format üçün nəzərdə tutulmuş kinoteatrlarda böyük maraqla qarşılanıb. 25-28 dollar arasında dəyişən orijinal bilet qiymətləri, hazırda onlayn platformalarda 300-400 dollara qədər təklif olunur.

Filmin büdcəsi 250 milyon dollar təşkil edir və o, tamamilə IMAX kameraları ilə çəkilən ilk film olacaq. Bu xüsusiyyət “The Odyssey”i Nolanın indiyədək ən bahalı layihəsinə çevirir.

Qeyd edək ki, Kristofer Nolanın son filmi “Oppenheimer” dünya üzrə təxminən 976 milyon dollar gəlir əldə edib və bunun 20 faizi IMAX formatlı nümayişlərdən qazanılıb.

Hazırda “The Odyssey” filminin çəkilişləri Mərakeş, İtaliya, İrlandiya və Şotlandiyada davam edir.