BAKI, 5 iyun. TELEQRAF

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili münasibəti ilə onun heykəli önündə tədbir keçirildi.

Teleqraf xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti nümayəndələri, deputat və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə Müşfiqin xatirəsi yad edilib, heykəli önünə güllər qoyulub.

Həmçinin M.Müşfiq adına 18 nömrəli məktəbin şagirdi onun şeirini səsləndirib.

Qeyd edək ki, tədbir Könüllülər Kitabxana İctimai Birliyinin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin dəstəyi ilə baş tutub. İştirakçılar Bakıdakı tədbirdən sonra Xızıya yola düşüb, orada da şairin xatirəsini yad ediblər.

Mikayıl İsmayılzadə (Müşfiq) 1908-ci il iyunun 5-də Bakıda anadan olub. Şairin ilk mətbu əsəri “Bu gün” şeiri, “Duyğu yarpaqları” isə son şeiridir. Onun zəngin ədəbi irsinə lirik növün əksər janrları daxildir. “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” və s. kitablarının müəllifidir. Mikayıl Müşfiq A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Mikayıl Müşfiq 1938-ci ildə vəfat edib.

Görkəmli şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbələrə, məktəblərə, küçələrə adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.