BAKI, 4 dekabr. TELEQRAF
Rusiyanın neft və təbii qaz gəlirlərində noyabr ayında ciddi azalma olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Nazirliyin məlumatına görə, enerji gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33,8% azalaraq 531 milyard rubl (6,9 milyard dollar) səviyyəsinə enib.
2025-ci ilin yanvar–noyabr dövründə ümumi neft və təbii qaz gəlirləri də əvvəlki illə müqayisədə 21,4% azalaraq 8 trilyon 29 milyard rubla enib.
Nazirlik noyabr ayında planlaşdırılandan daha böyük gəlir itkisi qeydə alındığını vurğulayıb. Ötən ay neft və qaz gəlirləri oktyabr ayına nisbətən 40,2% azalıb.
Mütəxəssislər gəlirlərdəki azalmanın əsas səbəblərindən birinin enerji şirkətlərinə tətbiq olunan yeni vergi öhdəlikləri olduğunu bildiriblər. Artan vergi yükünün istehsalçıların qazancını aşağı saldığı qeyd olunur.
Qərb ölkələrinin Rusiya neftinə və təbii qazına tətbiq etdiyi genişmiqyaslı sanksiyaların davam etdiyi bir müddətdə rəsmi Moskva ixrac bazarlarını şaxələndirməyə səy göstərir. Rusiya xüsusilə Asiya ölkələri başda olmaqla yeni enerji alıcıları ilə ticarət həcmini artırmağı hədəfləyir.
Qeyd edək ki, ABŞ Moskvanı Ukrayna ilə sülh danışıqlarına razı salmaq məqsədilə Rusiyanın iki ən böyük neft şirkəti “Rosneft” və “Lukoil”u hədəf alan sanksiyalar tətbiq edib.
“Rosneft” və “Lukoil”un qlobal neft və qaz bazarında payı 5%-dir.